Voleybolçu qadınlardan ibarət Azərbaycan millisi Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Avropa Təsnifat Turnirində bu gün növbəti oyununa çıxıb. Matc.az saytının məlumatına görə, A qrupunda qərarlaşan Vasif Talıbovun yetirmələri ikinci sınağını Bolqarıstanla görüşdə verib.
Bu, rəqibin qrupda son oyunu olub. Bolqarıstan ilk turda Polşaya 1:3, II turda isə meydan sahibi Niderlanda 0:3 hesabı ilə uduzub.
Azərbaycan millisi isə hələlik bir matça çıxmışdı. Komandamız ilk turda Niderlandla qarşılaşmada 0:3 hesablı məğlubiyyətə düçar olmuşdu. Millimiz növbəti mərhələ şansını böyük ölçüdə itirən bolqarlar üzərində qələbə qazanmaqla yarımfinala vəsiqə iddiasını davam etdirə bilərdi. Lakin təəssüf ki, yığmamız bu görüşdən də məğlub ayrılıb.
Qrupun digər görüşündə Niderland Polşaya qalib gəlsə, qrup lideri kimi yarımfinala adlayacaq.
Avropa Təsnifat Turniri
A qrupu
9 yanvar
Bolqarıstan - Azərbaycan - 3:1 (25:23, 25:19, 21:25, 25:21)
Apeldorn (Hollandiya), "Omnisport" salonu
Bolqarıstan: Lora Kitipova, Aleksandra Milanova, Eliya Vasileva, Qerqana Dimitrova, Nas Dimitrova, Kristina Ruseva, Yana Todorova, Petya Barakova, Mira Todorova, Mariya Todorova, Silvana çauşeva
Baş məşqçi: İvan Petkov
Azərbaycan: Kristina Yaqubova, Polina Rəhimova, Yelizaveta Səmədova, Nikolina Başnakova, Ayşən Əbduləzimova, Mariya Kirilyuk, Yuliya Kərimova, Anastasiya Qurbanova, Bəyaz Əliyeva, Marqarita Əzizova, Kseniya Pavlenko
Baş məşqçi: Vasif Talıbov