Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti 2 görüş keçirilib. Matc.az xəbər verir ki, hər iki matçda 3:0 hesabı qeydə alınıb.
 
Günə "Sərhədçi" - "Express" oyunu ilə start verilib. Qarşılaşma ikincilərin qələbəsi ilə yekunlaşıb. İlk iki hissədə 25:18 hesabı ilə qalib gələn "Express" son seti 25:15 hesabı ilə bitirib. Onlar bununla da mövsümdə xal hesablarını da açıblar.
 
"Sərhədçi" Olimpiya İdman Mərkəzində ardınca meydan "Xilasedici" və MOİK voleybolçularının ixtiyarına verilib. Bu görüş də "quru hesablı" qələbə ilə başa çatıb. Mövsümün sürpriz komandası olan "Xilasedici" rəqibini ilk hissədə 25:18 hesabı ilə məğlub edib. Onlar ardınca 25:21 və 25:20 hesablı qələbəyə seviniblər.
 
Nəticədə 3 xalı 3 setlə əldə edən "Xilasedici" turnir cədvəlində vahid liderə çevrilib. Onların 3 görüşdən sonra aktivlərində 9 xalı var. "Xilasedici"yə uduzan MOİK də eyni sayda oyuna çıxıb. Lakin 4 xala malik "hərbçilər" 5-ci pillədədirlər.
 
İlk qələbəsini 5-ci oyununda qazanan "Express" sonuncu yeri 6-ya dəyişib. Hələ də xal hesabını aça bilməyən "Sərhədçi" isə 8-cidi (3 oyun).

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest