"Keşlə"nin yarımmüdafiəçisi Vüsal İsgəndərli Azərbaycan Premyer Liqasının XVII turunda "Neftçi" ilə keçirilən oyundan sonra brifinqdə jurnalistlərin suallarını cavablandırıb. Matc.az saytının məlumatına görə, komandasının 1:3 hesablı məğlubiyyətini dəyərləndirən milli komandamızın üzvü tezliklə toparlanacaqlarına söz verib.
 
- Oyundan sonra çox aqressiv idiniz. Bu, məğlubiyyəti həzm etməməklə bağlıdır?
- Əslində məğlubiyyəti qəbul etmək lazımdır. Futbolda 3 nəticə var və onlardan biri qeydə alınır. Sadəcə, uşaqlıqdan bəri xarakterim elə olub ki, heç vaxt qəbul edə bilməmişəm. Bu, özümdən asılı deyil. "Neftçi" bu gün üstün oynadı və qələbə qazandı.
 
- Amma bəzən qələbə qazandığınız matçlarda da aqressiv olursunuz...
- Hərənin bir xarakteri var. Bəzi futbolçular heç vaxt əsəbləşmir, sevinci də, üzüntünü də normal qəbul edirlər. Ancaq mənim içimdə həmişə çılğınlıq, istək olub. Milli komandanın baş məşqçisi də mənə deyirdi ki, sən elə bil "bombasan", bu dəqiqə "partlamaq" istəyirsən. Bu da çox istəməkdən qaynaqlanır. "Zirə"də olanda da Ayxan Abbasov deyirdi ki, elə et, aqressivlik sənə problem yaratmasın. Amma heç vaxt aqressivləşib heç kimi vurmamışam, buna görə qırmızı vərəqə almamışam.
 
- Qış fasiləsindən sonra ardıcıl ikinci məğlubiyyəti aldınız. Bu nə ilə bağlıdır?
- İki oyun qlobal problem deyil. Bunu eniş kimi qələmə vermək olmaz. Əslində, problemdir. "Səbail"i məğlub edib, "Neftçi"dən xal alsaydıq, indi ikinci pillədə idik. İndi Premyer Liqada heç kim asan rəqib deyil. Hər kəs yaxşı müdafiə olunur, təhlükəli hücumlar edir. Bizim üzərimizə düşən komanda şəklində toparlanmaq və bu məğlubiyyətlərdən dərs almaqdır. Ən azı "Neftçi"yə qarşı ikinci hissədəki mübarizəni bundan sonrakı matçlarda davam etdirmək lazımdır.
 
- Bu məğlubiyyətlər üçüncü pillədəki mövqeyinizi də risk altına atır. Bu bir siqnal deyil?
- Əlbəttə, siqnaldır. Biz də hiss edirik ki, arxamızdakı klublar yaxınlaşırlar. Hansı ki, onlarla da qarşılaşacağıq.
 
- Bu tilsimi növbəti turda qıra biləcəksiniz?
- Növbəti turda komanda şəklində əlimizdən gələni ortaya qoyacaq və sübut edəcəyik ki, həmin "Keşlə"yik. Düzdür, "Səbail"ə qarşı zəif oynadıq. Amma "Neftçi"yə qarşı ikinci hissədə əvvəlki "Keşlə"ni görənlər çox oldu. İkinci hissədəki performansı artırmaq lazımdır.
 
- Bu gün necə oynadınız?
- Bugünkü matçı iki hissəyə bölərdim. Amma əvvəlki "Keşlə" deyilik.
 
- Baş məşqçiniz dedi ki, komandaya təsir edən başqa amillər var. Hansı amillərdir?
- Bunu mən deyə bilmərəm, çünki bilmirəm.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest