çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda "Real Madrid" evdə "Mançester Siti"ni qəbul edəcək. Matc.az xəbər verir ki, görüşdən öncə baş məşqçilər və futbolçular oyun barəsində fikirlərini bildiriblər:

Qvardiola ( "Mançester Siti"nin baş məşqçisi): "Görüşün ciddiyətindən çox danışmağa ehtiyac yoxdur. Hər kəs hansı turnirdə, kimə qarşı çıxış edəcəyinin yaxşı fərqindədir. Azardın oynamayacağı çox pisdir. İngiltərədə onu izləmək şərəfinə nail olmuşdum. Yaxından izlədikdə bu futbolçunun nə cür keyfiyyətlərə sahib olduğunu görürsən. "Real Madrid" üçün əla transfer idi. Kaş ki, "Mançester Siti"yə qarşı oynayardı. O, əla oyunçudur. Böyük bir klubla qarşılaşacağıq. Hansı çətinliklərlə üzləşdiyimizi bilirik. Bu, çempionlar Liqasını qazanmaq üçün son şans deyil. Gələcəkdə nə ola biləcəyindən xəbərsizik. Qazanmaq istəyi hər zaman olmalıdır, əks halda qələbə mümkün deyil. Bizə verilən cəza ilə bağlı CAS-a müraciət edəcəyik. Klub rəhbərliyinə etibar edirəm. "Mançester Siti"nin günahsızlığını dəlil və sübutlarla görmüşəm. çempionlar Liqasında oynamaq hüququ qazanmalıyıq".

Zidan ("Real Madrid"in baş məşqçisi): "Bu, "Real Madrid" – "Mançester Siti" görüşüdür, Zidan və Qvardiola qarşıdurması deyil. Maraqlı bir oyun olacaq. Qvardiola dünyanın ən yaxşı məşqçisidir. Bunu "Barselona", ​​"Bavariya" və "Mançester Siti"dəki işləri ilə sübut etdi. Görkəmli məşqçilər çoxdur, amma düşünürəm ki, o, ən yaxşısıdır. Topa nəzarət etməyi sevən bir komandası var. Hər bir rəqibin öz güclü tərəfləri olur. Bizim vəzifəmiz onları zərərsizləşdirməkdir. Bəli, rəqib topa nəzarət də daxil olmaqla bir çox güclü cəhətlərə malikdir. Ancaq unutmayaq ki, "Real" da bunlarla məşhurdur. Azarkeşlərimizin önündə yaxşı bir nəticə qazanmaq istəyirik. çətin olsa da, bacara bilərik".

Serxio Ramos ("Real Madrid"in müdafiəçisi): "Rəqibin UEFA-dan cəza alması bu görüşdə onlara nə qədər təsir edəcək, bilmirəm.  Bəlkə də bu, komandanın çempionlar Liqasında ən yaxşı nəticəni göstərməsi üçün əlavə motivasiyadır. Şükürlər olsun ki, onlar bizə qarşı oynana biləcəklər. Bu turnir hər oyunçunun özünü sübut etmək şansı qazandığı xüsusi bir yarışdır. Qvardiola əla məşqçidir, ona çox hörmət edirik. Onun statistikası hər şeyi deyir. Ancaq çempionlar Liqasında bizi heç bir məşqçi və ya oyunçu motivasiya etmir. Motivasiya himndir. Bunu eşidən kimi hər şeyi unudursan. Himn çempionlar Liqasının özüdür".

Kun Aquero ("Mançester Siti"nin hücumçusu): "Premyer Liqa və çempionlar Liqası fərqli turnirlər olsa da, heç biri asan deyil. Mən həmişə demişəm ki, İngiltərə liqası ən çətin çempionatdır. Əgər qazanmaq istəyirsinizsə, davamlı stabil çıxış etməlisiniz. Bu, hər iki turnirdə uğurlu olmağın əsas səbəblərindən biridir. Premyer Liqada  uğursuzluqda işləri düzəltmək üçün bir az vaxtını olsa da, çempionlar Liqasında belə bir imkan yoxdur.  İki matçlıq qarşıdurmalarda hər şey mümkün olur. ötən mövsüm "Tottenhem"ə qarşı görüşlərdə bunu görmüşdük. O zaman  bu turnirin nə qədər çətin olduğunu bir daha  başa düşdük".  

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest