"İnter"in yarımmüdafiəçisi Raca Nainqqolan Belçika millisinə dönmək fikrində deyil. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, orta sahə oyunçusu bir daha yığmada oynamaq istəmir.

30 yaşlı oyunçu dünya çempionatına aparılmadığı zaman yekun qərarını verdiyini söyləyib: "Belçika yığmasına dönməyəcəm. Əvvəldən demişdim ki, dünya çempionatına getməsəm, milli karyeramı bitirəcəm. Sözümün arxasındayam. Sabah baş məşqçi dəyişsə və yeni çalışdırıcı mənə dəvət göndərsə, yenə də qayıtmayacam. Qərarım qətidi, bunu çox düşünmüşəm".

Nainqqolan mundialdan kənarda qaldığı üçün çox üzüldüyünü də vurğulayıb: "Uğurlu mövsümün ardından yığmadan kənarda qalmaq məni çox məyus etdi. Müxtəlif bəhanələr deyildi, ancaq hamısı acınacaqlı idi. İndi yığmalar hər dəfə toplaşanda 4-5 gün istirahət edə bilirəm. "İnter"ə və digər məsələlərə diqqət artıra bildiyim üçün şadam".

Qeyd edək ki, Raca Nainqqolan 2009-2018-ci illərdə Belçika millisinin heyətində 30 oyun keçirib, 6 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest