"Qalatasaray" klubu yeni mövsüm öncəsi transfer çalışmalarını sürətləndirərək ilk rəsmi addımını atıb. İstanbul təmsilçisi gənc fransalı yarımmüdafiəçi Lesli Uqoçukvunu heyətinə qatıb.
Matc.az xəbər verir ki, bu barədə "Sporx" portalı məlumat yayıb.
Bildirilir ki, "sarı-qırmızılılar" son olaraq İngiltərənin "Börnli" klubunda çıxış edən 22 yaşlı futbolçunu satın alma opsiyonu ilə icarəyə götürüblər.
Artıq İstanbula gələn oyunçu verdiyi ilk açıqlamada uşaqlıq xəyalının gerçəkləşdiyini və "Qalatasaray" kimi böyük bir kluba gəldiyi üçün çox xoşbəxt olduğunu bildirib.
Gənc futbolçu tibbi müayinələrdən keçdikdən sonra rəsmi müqaviləyə imza atacaq.
Qeyd edək ki, karyerası ərzində "Çelsi"nin də formasını geyinən Lesli Uqoçukvu ötən mövsüm "Börnli" heyətində 38 matça çıxıb və 3 qolla yaddan qalıb.













