"Arsenal"ın sol cinah vinqeri Leandro Trossard karyerasını "Beşiktaş"da davam etdirəcək. Belçikalı futbolçu tezliklə İstanbul təmsilçisinin heyətinə qoşulacaq.
Matc.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabrisio Romano sosial şəbəkə hesabında məlumat yayıb.
Bildirilir ki, belçikalı oyunçu artıq bu keçidə razılıq verib. Transfer müqaviləsinin məbləği 18 milyon avro təşkil edəcək, London klubu əlavə olaraq 2 milyon avro bonus da qazana bilər. Trossard yeni komandası ilə müddəti daha 1 mövsüm uzadıla bilmək şərti ilə 3 illik müqavilə imzalayacaq.
Futbolçu tibbi müayinədən keçmək və rəsmi sözləşməyə qol çəkmək üçün elə bu gün İstanbula gələcək.
Qeyd edək ki, 31 yaşlı cinah oyunçusu 2023-cü ilin qışında 24 milyon avro qarşılığında "Brayton"dan "Arsenal"a transfer olunmuşdu. Trossard ötən 2025/2026 mövsümündə bütün turnirlərdə ümumilikdə 50 matçda meydana çıxıb, 8 qol vurub və 10 məhsuldar ötürmə ilə yaddan qalıb.












