Topaz Premyer Liqasının VII turunda "Sabah" üzərində qələbə qazanan "Neftçi"nin yarımmüdafiəçisi Qoran Paratski klubun rəsmi saytına müsahibə verib. Matç.az xəbər verir ki, xorvatiyalı futbolçu liderliyi qorumağın yolunu göstərib.
- Oyun haqda nə deyə bilərsiz?
- Asan olmadı. Xüsusilə komandamız azlıqda qalandan sonra çox çətin keçdi.
- Erkən qoldan sonra qələbənin böyükhesablı olacağını təxmin etmək olardı?
- Deməzdim. Qarşımızda yaxşı rəqib var idi. Başa düşürdük ki, ikinci qolu vurmaq lazımdı. Məhz ondan sonra, demək olar ki, rəqibə təhlükəli epizod yaratmağa imkan vermədik.
- Oyun ərzində ən çətin məqam hansı oldu?
- Dediyim kimi, birinci qoldan sonra matça nəzarəti saxlamaq. İkinci qolu vurmaq üçün imkanlarımız olsa da, birinci hissədə bunlardan yararlana bilmədik.
- Mövsümdə ikinci qola imza atdız...
- Bəli, bu qolum birincidən fərqli olaraq o qədər effektli alınmadı, amma effektiv oldu. Qol vurduğum üçün şadam. Amma əsas odu ki, bu gün nə qədər güclü olduğumuzu göstərdik. Azlıqda qalsaq da, hesabı qoruyub saxlaya bildik.
- İlk dövrədən sonra birinci yerdəsiniz. Sizcə, liderliyi necə qorumaq olar?
- Hər görüşə köklənib, hazır olmalıyıq. Zirvədə olmaq nə qədər sevindiricidisə, o qədər də çətin və məsuliyyətlidi. Hər matçda yaxşı oyun göstərib, azarkeşlərimizin də dəstəyi ilə liderliyimizi qorumalıyıq.