Beynəlxalq Gimnastika Federasiyası (FIG) koronavirus pandemiyası səbəbindən təxirə salınmış bədii gimnastika üzrə Dünya Kuboklarının keçirilməsi üçün yeni tarixləri elan edib

Beynəlxalq Gimnastika Federasiyası (FIG) koronavirus pandemiyası səbəbindən təxirə salınmış bədii gimnastika üzrə Dünya Kuboklarının keçirilməsi üçün yeni tarixləri elan edib.
 
Matc.az Azərbaycan Gimnastika Federasiyasının (AGF) rəsmi saytına istinadən xəbər verir ki, 24-26 aprel tarixlərində Bakıda təşkil edilməli olan dünya kuboku növbəti ilin may ayında baş tutacaq.
 
Tokio-2020 Yay Olimpiya Oyunlarına təsnifat xarakterli kubok 2021-ci ilin 7-9 may tarixlərində elə eyni məkanda – Milli Gimnastika Arenasında keçiriləcək.
 
Olimpiadaya təsnifat xarakterli bədii gimnastika üzrə digər dünya kubokları gələn il 9-11 apreldə Sofiyada (Bolqarıstan), 16-18 apreldə Daşkənddə (özbəkistan) və 11-13 iyunda Pesaroda (İtaliya) təşkil ediləcək.
 
Yeri gəlmişkən, martda koronavirus pandemiyası səbəbindən qeyri-müəyyən müddətədək təxirə salınan bədii gimnastika üzrə çağırış Kuboku mərhələsinin yeni tarixi də açıqlanıb. Turnir 2021-ci ilin 9-11 iyul tarixləri arasında Moskvada təşkil olunacaq. Daha əvvəl çağırış Kuboku mərhələsinin bu ilin 10-12 iyununda keçirilməsi nəzərdə tutulurdu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest