Uels Futbol Assosiasiyasının (FAW) rəsmi saytı AVRO-2020-nin seçmə mərhələsinin püşkatmasından sonra eyni qrupda yer aldıqları komandaları dəyərləndirib. Matç.az saytı xəbər verir ki, qurumun rəsmi orqanı Xorvatiya, Slovakiya və Macarıstanla yanaşı Azərbaycan yığması barədə də məlumat dərc edib.

Azərbaycan

Qrupdakı komandalar arasında hazırkı FİFA reytinqində ən aşağı pillədə olan Azərbaycan 107-ci yerdədi. Bu komanda müstəqilliyi əldə olunduğu ötən əsrin 90-cı illərindən indiyədək heç vaxt böyük turnirlərin final mərhələsinə vəsiqəyə iddia etməyib.

Baş məşqçi ilə görüş - Qurban Qurbanov

Sabiq hücumçu Qurbanov 1992-2005-ci illərdə millidə 68 oyun keçirib və 14 qolla rekordçudu. Onun klub karyerasında 16 müxtəlif komanda olub. 2017-ci ilin noyabrında milliyə baş məşqçi təyin olunan Qurbanov eyni zamanda 2008-ci ildən rəhbərlik etdiyi Azərbaycan Premyer Liqası klubu "Qarabağ"ı çalışdırır.

Ulduz oyunçu – Maksim Medvedev

"Qarabağ"ın müdafiəçisi Medvedev 2009-cu ildə debüt etdiyi millidə 50-dən artıq matç keçirib. 29 yaşlı oyunçu millinin onurğasında aparıcı fiqurdu.

Əvvəlki görüşlər

İki ölkə təmsilçiləri 2002-ci ilin noyabrındakı ilk oyundan indiyədək 6 dəfə qarşılaşıb. Bu müddətdə Uels 5 qələbə qazanıb. Uelsin Azərbaycanla xal itirdiyi yeganə oyun 2004-cü ilin sentyabrında Bakıda 1:1 hesabı ilə başa çatan matçdı. Həmin oyunda mərhum Qari Spid qol vurmuşdu. İki tərəf arasında son duel 2009-cu ilin iyununda Deyv Edvardın həlledici qolu vurduğu görüşdü.

Son durum

Azərbaycan Millətlər Liqasının D liqasının 3-cü qrupunda 2-ci yeri tutub. İki dəfə Farer adalarını məğlub edən komanda iki dəfə Malta ilə 1:1 hesablı bərabərliyə imza atıb. Buna baxmayaraq, turnir Kosovodakı 0:4 hesablı məğlubiyyətlə başa çatıb. Hərçənd iki komanda arasında startdakı qarşılaşma 0:0 hesabı ilə bitmişdi.

Maraqlı fakt

Azərbaycan aşpazları köhnələn çörəkləri hörmət əlaməti olaraq zibildən ayrı çantada saxlayır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest