"Qırmızı vərəqə alsaq da, yaxşı oynadıq. Düzdür, rəqib bizi narahat etdi, amma xarakter sərgilədik. Müdafiəyə qayıtmaqdan yoruldum. Lakin normaldır. Əsas odur ki, yaxşı nəticə qazandıq"

Futbol üzrə Monteneqro yığmasının hücumçusu Stevan Yovetiç UEFA Millətlər Liqasında qrup mərhələsinin 5-ci turu çərçivəsində Azərbaycan millisinə qarşı keçirdikləri oyunu şərh edib.
 
Matc.az xəbər verir ki, 31 yaşlı hücumçu 0:0 hesabıyla bitən matçdan sonra bunları söyləyib:
 
"Oyuna yaxşı başladıq, amma qırmızı vərəqədən sonra rəqib bizi narahat edirdi. Buna görə də nəticəyə oynadıq və qazandığımız xal məni sevindirir. Nadir hallarda hesabı qorumaq üçün oynayırıq. İtaliyada oynadığım 6 il ərzində bizə hər gün bunu öyrədirdilər. Biz məsələyə bu cür yanaşmırıq, amma istədiyimiz nəticəni əldə etdik. Bizim üçün asan deyildi. Amma qrupda ilk yer uğrunda mübarizə apardığımızı və bunun nə dərəcədə önəmli olduğunu göstərdik. Qırmızı vərəqə alsaq da, yaxşı oynadıq. Düzdür, rəqib bizi narahat etdi, amma xarakter sərgilədik. Müdafiəyə qayıtmaqdan yoruldum. Lakin normaldır. Əsas odur ki, yaxşı nəticə qazandıq".
 
İkinci hissədə meydanın mərkəzindən topu qapıya göndərən futbolçu zərbənin qolla nəticələnməməsinə təəssüfləndiyini bildirib: "Qapıçının öndə olduğunu gördüm və uzaq məsafədən bəxtimi sınadım. Təəssüf ki, çərçivəyə düşə bilmədim. Top qapıdan keçsəydi, karyeramın ən baxımlı qollarından biri olardı".
 
Fransanın "Monako" klubunda oynayan forvard bildirib ki, futbolçulara Kipr - Lüksemburq görüşünün hesabı barədə sona 20 dəqiqə qalmış informasiya veriblər: "Həmçinin əsas rəqibimizin azlıqda qaldığını dedilər. Bundan sonra hesabı qorumağa çalışdıq. çünki meydanda 10 nəfərlə qalmışdıq. Hər oyun ayrıca tarixdir. Səfərdə Kipri 2:0 hesabı ilə məğlub etmişik. Amma bu, hələ heç nə demək deyil. Növbəti dəfə qələbəyə ehtiyacımız var. Şansımız davam edir. Bundan yararlanmasaq, deməli, heç nə etməmişik".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest