“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində Türkiyənin “Sivasspor” klubuna qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.
 
Matc.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:
 
“Hər iki komanda üçün vacib oyundur. Bizim xalımız yoxdur, çox istərdik ki, qalib gələk. Amma biz "Sivasspor"un gücünü ilk oyunda gördük. Bu oyuna daha yaxşı hazırlaşmışıq. Sadəcə, əlimizdə futbolçuların sayı azdır, bir neçə futbolçum bu oyunda iştirak edə bilməyəcək. Hər halda çalışmalıyıq ki, yaxşı oyun oynayaq və qalib gələk. Futbolçularıma güvənirəm”. 
 
Qurbanov Kəlbəcərin işğaldan azad olunmasına da münasibət bildirib: “Neçə illər "Qarabağ"ın və milli komandamızın kapitanı olmuş Rəşad Sadıqov kəlbəcərlidir. Bu məsələyə mütləq toxunmalıyam. Kəlbəcərin işğalçılardan azad olunması münasibəti ilə ilk olaraq onu təbrik edirəm. Onun bu gün nə qədər sevincli olduğunu bilirəm. İstəyərdim Rəşadın yanında olum və onu ürəkdən qucaqlayım. Bütün kəlbəcərliləri və Azərbaycan xalqını bu günə görə təbrik edirəm".
 
Qeyd edək ki, sabah İstanbul şəhərindəki “Başakşəhər Fatih Terim” stadionunda keçiriləcək “Qarabağ” – “Sivasspor” matçına Bakı vaxtı ilə saat 21:55-də start veriləcək. Bu komandalar arasında Sivasda keçirilmiş ilk oyunda Ağdam klubu 0:2 hesablı məğlubiyyətlə üzləşib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest