Mövsümə uğurlu start götürməsinə baxmayaraq, getdikcə geriləyən "Neftçi" qış fasiləsinə çempionatda ən yaxın izləyicisindən 3 xal öndə və kubokdan kənarlaşdırılaraq yollanıb. Matç.az saytı xəbər verir ki, paytaxt klubunun son vaxtlardakı zəif çıxışını azarkeşlərlə də əlaqələndirmək olar.

O mənada ki, "Neftçi" məhz "Forza Neftçi" fan-klubunun boykotundan sonra boş tribunalar önündə keçirdiyi matçlarda qələbə üzünə həsrət qalıb. Azarkeş dəstəyindən məhrum qalan komanda turnir cədvəlinin aşağı pillələrində qərarlaşan "Sumqayıt"ı nə çempionatda, nə də kubokda üstələyə bilib.

"Sabah"la oyundan sonrakı məlum hadisənin ardından rəhbərlikdən haqlı şəkildə inciyərək oyunları boykot edən "Forza Neftçi" fan-klubu səriştəsiz idarəçilikdən artıq təngə gəlib. Kamran Quliyevin prezident postuna gəlişindən bəri verilən əksər qərarları pisləyən fanatlar, xüsusən də, transferlər zamanı uğursuz seçimlərə öz narazılığını bildirib.

Az qala hər uğursuzluğu azarkeşlərinin üzərinə atan "Neftçi" rəhbərliyinin Azərbaycan kubokunun 1/4 final mərhələsində yerli futbolçulardan qurulan "Sumqayıt"a yenilgiyə hansı bəhanə axtaracağı maraqla gözlənilir. Təsadüfi deyil ki, "Forza Neftçi" fan-klubu rəhbəri Sübhan Əliyev olmaqla sosial şəbəkələrdə "İndi də günah bizdədi?" formasındakı statuslarla buna işarə vurublar. Rəhbərliklə yanaşı, baş məşqçi Roberto Bordindən, komanda çətin durumda olarkən ölkəsinə yollanan Dario Frederiko, Kvame Karikari kimi əcnəbi futbolçulardan narazılığını bildirən "Neftçi"sevərlər komandanın onlardan qurtulması gərəkdiyini düşünürlər.

Hələ yayda Rəşad Eyubovun transferi zamanı rəhbərliyi tənqid atəşinə tutan azarkeşlərin futbol biliyinin "Neftçi"ni idarə edənlərdən yaxşı olduğu bu gün növbəti dəfə təsdiqini tapıb. çünki qış fasiləsi yaranar-yaranmaz yola salınan ilk oyunçu fanatların mövsümün əvvəlində "yararsız" adlandırdığı Eyubov olub. Yarımmüdafiəçinin gəlişinə üzülüb, gedişinə sevinən "Neftçi"lilər klubda transfer işləri ilə məşğul olan idman direktoru Ceyhun Sultanovu da unutmayıblar. Hətta bəziləri hələ yayda feysbuk vasitəsilə bu transferlərin fayda verməyəcəyini Sultanova yazdığını bildirib.

"Qəbələ"nin qapıçısı Aqil Məmmədovun transfer edilmə ehtimalını da müzakirəyə çıxaran fanatlar onun komandaya heç bir güc qatmayacağı qənaətindədilər. İkinci qapıçı Rəşad Əzizlini heç də Aqildən zəif saymayan azarkeşlər başqa mövqelərə diqqət ayırması yönündə Kamran Quliyevə mesaj göndəriblər. "Neçə ildi bu klubda "otxod"lar "otxod"ları əvəz edir. Dario, Dabo və Mustivardan başqa heç bir əcnəbi "Neftçi"yə layiq deyil. Qapıçı gətirmək lazım deyil, güclü legionerlər alınmalıdı", - kimi fikirlər paylaşan "Forza Neftçi" fan-klubunun üzvləri bir növ rəhbərliyə necə işləmək lazım olduğunu öyrətməyə çalışırlar.

Ancaq ilk gündən transfer bazarındakı çalışmalar onu göstərir ki, "Neftçi" prezidenti Kamran Quliyev və onun ən yaxın köməkçisi Ceyhun Sultanov səhvlərindən nəticə çıxarmayıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest