"Səbail" klubunda çıxış edən Azərbaycan millisinin sabiq qapıçısı Kamran Ağayev mövsümün ikinci yarısına hazırdır.
 
Matc.az xəbər verir ki, bu barədə "Report"a paytaxt təmsilçisinin baş məşqçisi Aftandil Hacıyev məlumat verib.
 
40 yaşlı mütəxəssis təcrübəli qolkiperin uzun müddətdən sonra yanvarın 14-də meydana çıxdığını söyləyib: "Sabah"a 0:1 hesabı ilə uduzuduğumuz yoldaşlıq matçının ikinci hissəsində Ağayevi meydana buraxdıq. İstəyirik ki, onu ən azı əvvəlki vəziyyətinə gətirib çatdıraq".
 
Hacıyevin sözlərinə görə, 35 yaşlı qolkiperin rəsmi oyunlarda çıxışı hazırlıq durumundan və matçların xarakterindən asılı olacaq: "Kamran ürəklə məşq edir. çox istəyir ki, qısa müddətdə əvvəlki formasına qayıtsın. Biz də ehtiyatlı olmalıyıq. Uzun müddət rəsmi matça çıxmayıb. İmkan tapdıqca onu meydanda görə biləcəyik. Onu deyə bilərəm ki, artıq oyunların sifariş ərizəsinə də daxil edəcəyik".
 
Baş məşqçi "Yanvarın 25-də "Zaqatala" ilə ölkə kubokunun 1/8 final matçında Kamran Ağayevi meydanda görə bilərikmi" sualına belə cavab verib: "Hazırda yanvarın 21-də "Neftçi"yə qarşı keçirəcəyimiz Premyer Liqa matçı haqqında düşünürük. Qarşılaşmadan sonra əlimizdə olan oyunçulara baxıb, kubok oyununa köklənəcəyik".
 
Qeyd edək ki, Kamran Ağayev "Səbail"ə 2020-ci ilin avqustunda keçib. Onun klubla sözləşməsi mövsümün sonunda başa çatacaq. Ağayev son rəsmi oyununu 2019-cu ilin martında "Keşlə"nin heyətində "Neftçi"yə qarşı keçirib. O, görüşün 30-cu dəqiqəsində zədələnərək meydanı tərk edib və uzun müddət futbolsuz qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest