Topaz Premyer Liqasında ilk yarı geridə qaldı. Turnir cədvəlinə nəzər salarkən, alışmadığımız görüntü ilə qarşılaşırıq. Son illərin dəyişməz çempionu "Qarabağ"ın ikinci pillədə qərarlaşmağını Qurban Qurbanovun millidəki fəaliyyəti və Avropa Liqasındakı çıxışı ilə əlaqələndirmək mümkündürsə, "Qəbələ"nin alt sıralarda var-gəl etməsini Sənan Qurbanovun təcrübəsizliyinə bağlamaq lazımdı.

Diqqətçəkən digər məqam "Səbail"in ilk "üçlük"də "lövbər salması"dı. Paytaxt təmsilçisinin birdən-birə bu qədər irəliləməsi gözlənilməz oldu. Amma gəlin razılaşaq ki, Aftandil Hacıyev və komandası bu mövqeyə öz bacarığı gəlməyib. Hacıyevin özünün də dediyi kimi, "Allahın hədiyyəsi" olan bu üçüncülüyün necə əldə olunması haqqında aşağıda bəhs edəcəyik...

"Bildirçin bəyliyi" deyilən bir ifadə var dilimizdə. Bildirçinin bəyliyi darı bitənə qədər olur. Bilənlər bilir, bilməyənlərə agah olsun ki, bu ifadəni kiminsə hesabına bir yerlərə gəlmiş, mövqe, vəzifə, titul əldə etmiş kimsələr haqqında deyirlər...

Bəylik taxtında olmasa da, ora yaxın yerdə "əyləşmiş" "Səbail" bu "uğur"dan o qədər vəcdə gəlib ki, artıq Hacıyev və köməkçiləri medallara iddialı olduqlarından dəm vururlar. Görünür, "Səbail" də, onun "dahi" çalışdırıcısı da, əslində hansı arabanın kölgəsində yatdığını unudublar.  Hacıyev "Allahın hədiyyəsi" dediyi xalların hardan və necə gəldiyini dəqiqləşdirsə, özü də acı reallığı qəbul etməli olacaq.

Gəlin, biz də baxaq, görək 14 oyundan sonra 6 qələbə və 3 heç-heçə ilə 21 xal toplayan "Səbail"in dəyirmanının suyu hansı dərədən gəlir?

Tarix: 15 sentyabr, 2018.
"Zirə" ilə ev oyunu.

Matç 1:1 hesablı bərabərliklə başa çatır. Ancaq rəqib oyun protokolunda PFL-in Əsasnaməsinə zidd olaraq 1998-ci il təvəllüdlü oyunçu qeyd etmədiyi üçün "Səbail" texniki qalibiyyət alır. Maraqlısı bilirsiniz nədi? Adı protokola düşməli olan yeganə oyunçu Aqşin Quluzadə ilk hissə boyunca düz 45 dəqiqə ehtiyat oyunçular skamyasında əyləşibmiş. Amma adının yazılmağı "unudulub".

Tarix: 20 oktyabr, 2018
"Qarabağ"la səfər oyunu.

90 dəqiqəsi 1:0 hesabı ilə ağdamlıların qələbəsi ilə bitən oyunda da 3 xalı qazanan "qəhrəmanımız" olur. Yenə protokol səhvi. Bu dəfə Qurban Qurbanovun köməkçilərindən hansısa meydana adı protokolda olmayan oyunçu daxil edir. Futbolçu ehtiyat oyunçular skamyasındadı, amma adı protokolda deyil. Eyni birinci misalda olduğu kimi, bu dəfə də yazmaq yaddan çıxıb.

"Zirə" rəhbərliyi ilə münasibətləri futbol ictimaiyyətinə gün kimi aydın olan Hacıyev isə oyunsonrası mətbuat konfransında bunu "Allahın hədiyyəsi" kimi dəyərləndirir və hədiyyədən imtina etməyəcəklərini deyir.

Bəs, "Allahın hədiyyəsi"nin məhz "Zirə" ilə göndərilməsi təsadüfdürmü? 

...ibtidai sinif dərsliklərinin birində "Başqasının beşi" adlı hekayəni - məktəbdən evə qayıdan Muradın atası ilə söhbətini çoxları bilir. İlk dəfə "beş" alan Murad sevincək dəftərini atasına göstərir. Oğlunun kəramətinə bələd atası "necə oldu ki səhv buraxmadın", deyə sual edir. Murad cavab verir ki, onunla eyni partada oturan sinif yoldaşından köçürüb və yüksək qiymət alıb.  "Səbail"in turnir cədvəlinin üçüncü pillədə olmasını görəndə ilk ağlımıza gələn həmin hekayə oldu. Yəqin ki, gec-tez klub rəhbərliyi də "Başqasının beşi"ni  - 6 xalı Hacıyevin alnına vuracaq...   

P.S. "Bu iki "qələbə" olmasaydı, "Səbail" neçənci yerdə olardı", - deyə heç düşündünüzmü?  

 

Zaur XUDİYEV

 

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest