Türkiyədə təlim-məşq toplanışında olan "Zirə" Bakı vaxtı ilə bu gün saat 17:00-da ilk yoxlama oyununu keçirəcək. Matç.az klubun feysbuk səhifəsinə istinadən xəbər verir ki, yanvarın 15-də baş tutmalı olan Qazaxıstanın "Taraz" klubu ilə görüş əlverişsiz hava şəraiti üzündən ləğv edildiyi üçün "Voluntari" ilə qarşılaşma ilk xarakteri daşıyacaq.

Yanvarın 18-də oynanılacaq rumıniyalılarla görüş rəqiblər arasında 2-ci matç olacaq. Belə ki, 1 il əvvəl – 2018-ci il yanvarın 27-də də komanda "Voluntari"ni sınağa çəkib. Həmin vaxt "Qartallar" 2 cavabsız qolla qələbə qazanıb. Rəqib qapısına Elşən Abdullayevlə Vüsal İsgəndərli yol tapıb.

Sabahkı matç "Zirə"nin Rumıniya klubları ilə ümumilikdə 6-cı, yoxlama oyunlarında 4-cü sınağı olacaq. İndiyədək "Zirə" bu ölkədən olan komandalarla 2 avrokubok və 3 hazırlıq matçı keçirib. 

2017/18 mövsümündə UEFA Avropa Liqasının II təsnifat mərhələsində "Astra" ilə görüşən komanda bu iki rəsmi qarşılaşmadan sonra mübarizəni dayandırıb – 1:3, 0:0.

Rumıniyalılarla səfərdəki ilk görüşdə komandanın heyətində Rəşad Sadiqov fərqlənib.
Rumıniyalılarla ilk yoxlama görüşü isə 2016-cı il yanvarın 22-də baş tutub. "Zirə" "Tırqu Mureş"i 1:0 hesabı ilə məğlub edib. Yeganə qola Luiz Alberto Diez imza atıb. 

2017-ci il iyunun 20-də isə rəqib "Vitorul" olub. Bu dəfə 1 qol "Zirə"yə kifayət etməyib. Orxan Əliyevin qol vurduğu matçda rumıniyalılar 2:1 hesabı ilə qalib gəlib. 

Xatırladaq, "Voluntari" ilə matç "Zirə"nin ümumilikdə Türkiyədəki toplanışlar çərçivəsindəki 20-ci yoxlama oyunu olacaq. Azərbaycan təmsilçisi "İnter"lə (indiki "Keşlə") matçı saymasaq, 18 beynəlxalaq yoxlama görüşündə 7 qələbə qazanan "Qartallar" eyni sayda məğlubiyyət alıb və 4 heç-heçə edib. 23 qol vuran zirəlilər 18 top buraxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest