Azərbaycan millisi DÇ-2022-nin seçmə mərhələsində növbəti oyununu keçirdi. Matc.az saytı xəbər verir ki, komandamız yer aldığı A qrupundakı 6-cı oyununda İrlandiyanı qəbul etdi. Canni de Byazinin yetirmələri İrlandiya ilə ötən ayın əvvəlində də qarşılaşmışdı. Dublindəki görüşdə qələbəni son anda əldən verən yığmamız qrupda ilk xalını qazanmışdı. Bu dəfə isə məqsəd qələbə qazanıb son pillədən qurtulmaq və rəqibi ora göndərmək idi.

DÇ-2022-nin seçmə mərhələsi
A qrupu, 7-ci tur
9 oktyabr

Azərbaycan – İrlandiya – 0:3
Qollar: Kallum Robinson, 7, 39, Çidozi Oqbene, 90
Bakı Olimpiya Stadionu. Hakimlər: Espen Eskas, Kim Tomas Haqlund, Oystein Ytterland, Kay Erik Stin (Norveç)

Azərbaycan: 12. Şahrudin Məhəmmədəliyev, 5. Maksim Medvedev (k), 4. Höccət Haqqverdi, 13. Abbas Hüseynov, 18. Anton Krivotsyuk (9. Renat Dadaşov, 79), 2. Qara Qarayev, 8. Emin Mahmudov (22. Rəhim Sadıxov, 86), 17. Toral Bayramov (21. Araz Abdullayev, 63), 19. Filip Ozobiç, 7. Namik Ələskərov (11. Ramil Şeydayev, 63), 10. Mahir Emreli
Ehtiyat oyunçular: 1. Emil Balayev, 23. Aydın Bayramov, 3. Azər Salahlı, 6. Vüqar Mustafayev, 14. Murad Xaçayev, 15. Tellur Mütəllimov, 16. Anatoli Nuriyev, 20. Mert Çelik
Baş məşqçi: Canni de Byazi
İrlandiya: 1. Qavin Bazunu, 4. Şeyn Daffi, 5. Con İqan (k), 2. Mett Doerti, 7. Kallum Robinson (10. Troy Parrott, 90+3), 15. Daril Horqan (18. Ceymi Makqrat, 46), 13. Ceff Hendrik, 6. Coş Kallen (8. Konor Hurihan, 90+3), 11. Ceyms Makkleyn, 22. Andryu Omobamidele, 9. Adam Ayda (20. Çidozi Oqbene, 59)
Ehtiyat oyunçular: 16. Kuivin Kelleher, 23. Mark Travers, 3. Enda Stivens, 12. Natan Kollins, 14. Sayrus Kristi, 17. Harri Arter, 19. Ceyms Kollins, 21. Aaron Konnolli
Baş məşqçi: Stefen Kenni

İtaliyalı mütəxəssis sentyabrdakı səfər matçının start heyətində cəmi 1 əvəzləməyə əl atmışdı. Elvin Bədəlov uzun müddətə sıradan çıxdığı üçün yığmadan kənarda qalmışdı. Onun yoxluğunda kapitan Maksim Medvedev müdafiənin mərkəzinə çəkilmişdi. Sağ cinahda yaranan boşluq isə “Qarabağ”ın digər oyunçusu Abbas Hüseynovla doldurulmuşdu. Dublindəki heyətin 10 üzvünə toxunmayan de Byazi həmçinin oyun sisteminə də əl vurmamışdı. Səfərdə olduğu kimi, evdə də müdafiə xətti 4 oyunçudan qurmuşdu. Ümumilikdə start heyətindəki oyunçulardan 6-sı “Qarabağ”ın formasını geyinənlər idi.

Yığmamızın meydandakı düzülüşü 4-3-3 sxemində idi. Lakin bunun formal olduğu, sistemin matçın gedişinə görə tez-tez dəyişdiyi görünürdü. Çünki komandamız topa sahib olduğu zaman Abbas Hüseynov sağ cinahdan irəli atılır, Maksimlə Anton cinahlara çəkilərək 3-lü müdafiə sistemi formalaşdırırdı. Bundan başqa Filip Ozobiç sol vinger kimi görüşə başlasa da, bəzi anlarda pleymeyker mövqeyinə keçirdi ki, bu da 2 hücumçulu taktikanı yaradırdı. Yəni oyunun axarına uyğun sistem 4-3-3-dən gah 4-4-2, gah 3-4-3, gah da 3-5-2-yə çevrilirdi. Top rəqibin nəzarətinə keçdiyi zaman isə Toral Bayramov sol cinahdan geri çəkilir, 5-li müdafiəni düzəldirdi.

Oyuna qonaqlar daha aqressiv və istəkli başladılar. Futbolçularımız isinməmiş qapımızda qol gördük. Orta sahədə tez-tez top itirmək yekunda erkən qola səbəb oldu. 7-ci dəqiqədə Kallum Robinson Qara Qarayevin nəzarətindən yayındı. Maksim isə komanda yoldaşını sığortalamağa imkan tapmamış yarımmüdafiəçi qüvvətli zərbə ilə yaxın küncü dəqiq nişan aldı. Erkən buraxılan top futbolçularımızı bir dəfə silkələdi. İrlandlar da artıq ilk dəqiqələrdəki kimi aqressiv deyildilər. Məqsədinə çatan qonaqlar oyunu ikinci plandan qurmağa başladı. Bu da yığmamızın topa sahib olmasına və rəqibi öz qapısı qarşısına sıxmasına yol açdı. Stefen Kenninin yetirmələri mərkəzdən keçid imkanı vermədiyindən, ümid cinah asmalarına və uzaq məsafədən zərbələrə qalırdı. Cinah ötürmələrini ucaboy irlandlar zərərsizləşdirməkdə çətinlik çəkmirdilər. İrlandlar oyunçularımıza cərimə meydanı həndəvərindən zərbə imkanı verirdilər. Di gəl ki, bu epizodların əksəriyyətində zərbə gah qeyri-dəqiq olurdu, gah da çox zəif.

Getdikcə yenidən oyunu bərabərləşdirən qonaqlar irəlidə təzyiq edərək komandamızın geridən oyun qurmasına imkan vermirdilər. Bu, yığmamıza da sürətli hücum qurmaq və boşluq tapmaq imkanı verirdi. Lakin irəlidəki oyunçular, əsasən də, Namik Ələskərov tez-tez top itkilərinə yol verirdi. Belə anların birində sürətli əks-hücum imkanı qazanan irlandlarda Robinson yenə qarşısıalınmaz oldu. Maksimdən asanlıqla sıyrılan futbolçu topu ilk qola yaxın nöqtədən, ancaq bu dəfə uzaq küncə göndərdi. Qol anında Şahruddin Məhəmmədəliyevin düzgün reaksiya göstərməməsi də torun silkələnməsini asanlaşdırdı.

Komandamız iki top fərqilə geridə olsa da, de Byazi fasilədən sonra əvəzləməyə ehtiyac duymadı. Komandamız ümidlənmək üçün ikinci hissənin əvvəlində fərqlənməyə can atırdı. Düzdü, futbolçularımız rəqibin müdafiə xəttini təzyiqdə saxlamağı bacarırdı. Lakin əllərindən bundan artığı gəlmirdi. Əksinə, qonaqlar topu hər dəfə ələ keçirdiyi zaman qurduğu əks-hücumla 3-cü qola yaxınlaşırdı. Xoşbəxtlikdən rəqibin oyunçuları komandamızı müdafiədə azlıqda yaxaladığı anlarda xəsislik edib, ötürməyə çox üstünlük vermirdilər. Bəzən isə zərbədə dəqiqlik çatmırdı.

Millimiz hücumda heç bir varlıq göstərə bilməməsinə baxmayaraq, Canni de Byazi nəyisə dəyişməyə lüzum görmürdü. Ondan fərqli, oyun irlandların nəzarətində keçsə də, Stefen Kenni əvəzləmələrlə komandasını meydanda “diri” saxlamağa çalışırdı. İtaliyalı çalışdırıcı yalnız 63-cü dəqiqədə ayıldı. Ramil Şeydayev və Araz Abdullayevin mübarizəyə qoşulması ilə meydandakı hücum oyunçularının sayı artdı. Bu, komandamızın oyununda canlanmaya səbəb olsa da, nəticəyə heç bir təsiri olmadı. 79-cu dəqiqədə de Byazi va-banka getdi, daha bir müdafiəçini hücumçu ilə əvəzlədi. Renat Dadaşovun mübarizəyə qoşulması ilə hücumçuların sayı müdafiəçilərdən çox oldu. Bütün qüvvə ilə irəli atılmaq irlandları da çətinə saldı. Aramsız təzyiqə baxmayaraq, hücumları zərbə ilə tamamlamaq müşkülə çevrilirdi. Yalnız 80-ci dəqiqədə fərqin azalmasına qapı tiri imkan vermədi. Təəssüf ki, həmin top yenə bizim qapımızdan keçdi. İrlandlar üçüncü künc zərbəsini 3-cü qolla tamamladılar. Fərqin daha da biabırçı həddə çatmasının qarşısını isə Şahruddin təkbaşına aldı.

Beləliklə, cari tsikldə qələbə həsrəti davam edən yığmamız meydanı 0:3 hesablı məğlubiyyətlə tərk etdi. Bu isə oktyabrın 12-də Belqradda Serbiyaya qarşı keçiriləcək görüş öncəsi heç də müsbət enerji vəd etmir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest