UEFA Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Marsel" klubunda yoluxma hallarının sayı artıb. Matc.az xəbər verir ki, Liqa 1 təmsilçisinin daha 5 futbolçusunda infeksiya aşkarlanıb. 
Bunlar Arkadiuş Milik, Stiv Mandanda, Jerson Santos, Alvaro Qonsales və Valenten Ronjyedir. Həmin oyunçuların son məşqdə məhz bu səbəbdən iştirak etmədikləri bildirilib.
 
Klub hələlik məsələ ilə bağlı açıqlama verməyib. İddiaya görə, Marsel şəhərinin eyniadlı təmsilçisi test nəticələrini ictimaiyyətdən gizlətmək üçün bu addımı atıb.
 
Daha əvvəl "Marsel"in heyətində Pol Lirola və Konrad de la Fuente virusa yoluxub.
 
Bu arada klub maliyyə böhranı ilə üzləşib. Bunu Fransa klubunun baş məşqçisi Xorxe Sampaoli də təsdiqləyib. Argentinalı mütəxəssis yeni transfer etməkdə çətinlik çəkdiklərini etiraf edib.
 
O, bunun üçün bəzi oyunçularla yolları ayırmaq məcburiyyətində olduqlarını vurğulayıb: "Klub mürəkkəb iqtisadi vəziyyətdən keçir. Bu, futbolçuların gəlişini çətinləşdirir. Cordan Amavinin gedişi bizə başqa oyunçu gətirməyə imkan verir. Kimisə gətirmək üçün ya hansısa oyunçunu göndərməli, ya da onların maaşlarını azaltmalıyıq. Məşqçi korpusunun fikrincə, tam heyəti formalaşdırmaq üçün başqa gediş olmadan əlavə 4-5 oyunçuya ehtiyacımız var. Ancaq bu, bizdən asılı deyil".
 
Qeyd edək ki, "Qarabağ" "Marsel"ə qarşı ilk oyununu fevralın 17-də səfərdə, cavab matçını isə bir həftə sonra Bakıda keçirəcək.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest