"Maraqlı oyun gördük. Matça əks-hücum taktikası ilə başlamışdıq, sonradan oyun bərabərləşdi". Matc.az saytı xəbər verir ki, bu sözlər "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədova məxsusdu.

Azərbaycan Premyer Liqasının XVI turunda "Neftçi"nin qonağı olan bakılılar 0:2 hesabı ilə məğlub olub.

Qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında Əhmədov fikrini bu sözlərlə davam etdirib: "Uşaq səhvlərindən qollar buraxırıq. Futbolçuların zəhmətinə heyfim gəlir. Qalib də gələ bilərdik, ancaq şanslardan yararlana bilmədik. Bilmirəm, həmin epizodda penalti var idi, ya yox. Deyilənə görə, birinci hissədə də Klennona qarşı kobudluq edilmişdi. Hər halda bugünkü matç göstərdi ki, komandanın potensialı var. Qarşıdakı turlarda daha yaxşı nəticə qazanmağa çalışacağıq. Rəqibi təbrik edirəm".

- Komandanın heyətində dəyişiklik çox olur. Gediş-gəliş bitib, yoxsa...

- Nə gələn olacaq, nə də gedən. Bundan sonra kimisə gətirməyə lüzum görmürük. Komandanın oyun baxımından geri qalmadığı matçda məğlub olduq. Bəlkə də, futbolçuların özünə inamının olmaması amilini aradan qaldıra bilmirik. Gələndən bunun üzərində işləyirik. Təlim-məşq toplanışında da bunu görmüşdük. Keçən matç, ümumiyyətlə, komandanı tanıya bilmədim. Heç vaxt müdafiə futbolu oynatmamışam. Ancaq bu gün məcburiyyətdən belə çıxış etməli olduq. Çünki “Neftçi”nin hücum xətti çox güclüdü.

- Komandanın istədiyiniz oyunu göstərməsi üçün nə qədər vaxta ehtiyacınız var?

- Artıq vaxtımız yoxdu. Mayın sonuna qədər nə qədər zamanımız varsa, ondan istifadə etməyə çalışacağıq.

- Klubda maliyyə problemləri olduğu deyilir...

- Bütün ödənişlər edilib. Hər yerdə gecikmələr olur. Mətbuat da yazmaq üçündü.

- Start heyətdə 5 legioner var idi. Deyirsiz ki, futbolçularda özünəinam yoxdu. Amma bu, gənclər komandası deyil. Həmin legionerlər bura gəlirsə, hazır olmalıdı. Onları bura gətirməyin məsuliyyəti kimdədi?

- 4 futbolçu transfer etmişik. 3-ü legionerdi, biri isə Vüsal İsgəndərli. Qalanları yayda gəlib. Əvvəldə məğlubiyyətlər olub deyə, o psixologiyanı komandanın başından çıxara bilmirik. Desəm ki, fiziki və ya taktiki cəhətdən problem var, yanılmış olaram. İstər-istəməz keçmiş futbolçuların psixologiyası yeni gələnlərə də təsir edir. Oyunçuları bura kimin gətirməyinin fərqi yoxdu. Bütün məşqçilər korpusu bəyənib yeni gələnləri.

- Bir komandanın yaxşı çıxış etməsi üçün 3 amil lazımdı: hazırlıq, maliyyə və psixologiya. Əsas problem nədi?

- Dedik ki, maliyyə barədə problem yoxdu, hazırlıq da normaldı. Sadəcə, psixoloji cəhətdən çətnlik var. Məğlubiyyətə öyrəşən komandanı bu vəziyyətdən birdən-birə çıxarmaq olmur. Çünki futbolçular həmin qorxu ilə oynayırlar.

- Kubok qazanmış komandada niyə belə ardıcıl məğlubiyyətlər oldu?

- O komandadan neçə futbolçu qalıb? Yayda xeyli oyunçu komandanı tərk edib. Bəlkə də, onlar qalsaydı, tamamilə fərqli ab-hava olardı. Həmişə eyni nəticəni qazanmaq olmur. Komanda kubokdan sonra avrokubokda ilk mərhələdə dayandı, bu da təsirsiz ötüşmədi.

- Əgər mövsümün sonuna qədər komandanın nəticələri yaxşılaşmasa, sizin şəxsi qərarınız nə olacaq?

- Məni bura gətirən klub rəhbərliyi var. Qərar onların olacaq. Qarşıdakı oyunlarda maksimum nəticə əldə etməyə çalışacağıq. Ümid sonda ölür. Çalışacağıq ki, komandanı "qara zolaq"dan çıxaraq.

- Emin Mehdiyevlə bağlı yaranan vəziyyətdə məsuliyyət kimindi?

- Mən baş məşqçi olaraq sənədləşmə işləri ilə maraqlanmıram. Belə problemlər həmişə yaşana bilir. Kimisə günahlandırmaq mənasızdı. Emin yaxşı formadadı, amma belə problem yaşadıq. Artıq bu, bizim üçün keçmişdə qalıb.

- Zaur Axundov deyib ki, əgər PFL icazə versə, texniki zonada əyləşəcək. Bu baş versə, sizə əlavə təzyiq yaratmayacaq ki?

- Mənim üçün heç bir gərginlik yoxdu. Klubun prezidentidi. Bu gün də görürsüz ki, gərginlik yoxdu. Mən heç vaxt təzyiq altına düşmürəm. PFL icazə verəcəksə, deməli, oturmalıdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest