"Neftçi"nin son transferi Canluka Sansonenin Premyer Liqanın XVI turunda "Keşlə" ilə oyunda meydana çıxması böyük ajiotaja səbəb olub. Matc.az saytı xəbər verir ki, hücumçu Azərbaycan çempionatları tarixində meydana çıxan ilk italiyalı futbolçu kimi qələmə verilir. Halbuki Sansoneyə qədər də ölkəmizdə çıxış edən İtaliya vətəndaşları olub.

Ümumiyyətlə, futbolda vətəndaşlıq məsələsi çox qəlizdi. İndi əksər oyunçular ikili vətəndaşlıqlara sahibdilər. Bu, xüsusən də, Cənubi Amerika nümayəndələrinə şamildi. Həmin futbolçuların çoxu Avropada rahat oynamaq, yaşamaq üçün bu qitə ölkələrindən birinin vətəndaşlığını qəbul edir. Braziliya, Argentina kimi yığmalara düşmək şansı olmayan bu ölkələrin nümayəndələri başqa millidə oynamaq üçün oranın vətəndaşı olurlar. Azərbaycan millisinə nəzər yetirsək, bunun kifayət qədər nümunəsini görərik.

Bu baxımdan Sansone də əslində Premyer Liqamızda meydana çıxan ilk italyan deyil. Bu ad Raymundo Uilsona məxsusdu. 2008-2010-cu illərdə "İnter"in qapısını qoruyan sabiq qolkiper əslən braziliyalı olsa da, Azərbaycanda italyan kimi qeydiyyatdan keçib.

"İnter" 2010-cu ilin yayında Uilsonu yola salıb, daha bir İtaliya vətəndaşı olan müdafiəçi Filipe Maçadonu heyətinə qatıb. Sonradan ölkəsi Braziliyada karyerasını davam etdirən, "Şapokoense" klubu ilə təyyarə qəzasında ölən futbolçu 2010-11 mövsümünü Azərbaycan Premyer Liqasında keçirib.

"Neftçi" formasını İtaliya vətəndaşı kimi ilk geyinən isə Xose Luis Kabion olub. 2013-cü ilin yanvarında Azərbaycana gələn və 6 ay "ağ-qaralar"ın formasını geyinən yarımmüdafiəçi əslən çilili olsa da, PFL-də italyan kimi qeydiyyatdan keçib.

Sansoneyə qədər ölkəmizdə çıxış edən son italyanlar Meza Kolli qardaşları olub. "İnter" 2013-cü ilin yayında "Çesena"dan Derlis və Sezarı transfer edib. Derlis ölkəmizdə həmçinin "Qəbələ" və "Neftçi"də də çıxış edib. Sezar isə "İnter"dən sonra "Zirə" və son olaraq "Keşlə"nin (keçmiş "İnter") formasını geyinib. Qardaşlar Paraqvayda dünyaya göz açsalar da, Avropada italyan vətəndaşı kimi yaşayıblar.

Göründüyü kimi, Canluka Sansone Azərbaycan Premyer Liqasında çıxış edən 1-ci yox, 6-cı italyandı. İndi deyə bilərsiniz ki, digərlərindən fərqli, Sansone təmiz italyandı. Elə isə Riçard Almeyda Qazaxıstanda azərbaycanlı yox, braziliyalı sayılmalı idi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest