Sabah Topaz Premyer Liqasında XVIII tura start veriləcək. Matc.az saytının məlumatına görə, açılış oyununda "Keşlə" "Qəbələ"nin qonağı olacaq.

Fərqli hədəflərə malik komandaların mövsümün ikinci yarısına startı da tam fərqli alınıb. "Qəbələ" ardıcıl iki qələbədən sonra ötən turda "Qarabağ"a yenilmişdisə, "Keşlə" ardıcıl iki məğlubiyyətin ardından keçən həftə "Sumqayıt" üzərində qələbəyə sevinmişdi. Şübhəsiz ki, görüşün aşkar favoriti "qırmızı-qaralar"dı. Turdan-tura oyununda inkişaf hiss olunan bölgə təmsilçisinin heyətini bakılılarla müqayisə etmək olmaz.

Düzdü, Sənan Qurbanovun başçılıq etdiyi komanda qış transfer dönəmini fəal keçirmədi, yalnız Davit Volkovla gücləndi. "Keşlə" isə əksinə, islahatlarını ikinci yarı öncəsi də davam etdirdi. Məhz bu dəyişikliklər baş məşqçi Tərlan Əhmədova ideal heyətini formalaşdırmağa mane olur. Əhmədov üçün yeganə sevindirici məqam komandanın ikinci yarıdakı ən fəal oyunçusu olan Vüsal İsgəndərlinin cəza müddətinin bitməsidi. Həmçinin "Qəbələ" də matça tam heyətlə hazırdı.

ümumi statistika "Keşlə"nin xeyrinə olsa da, son illər rollar dəyişib. Təsadüfi deyil ki, bakılılar artıq 13 oyundu ki, "Qəbələ"yə qalib gələ bilmir. Komanda axırıncı dəfə 2015-ci ilin noyabrında - "İnter" adlandığı vaxt qələbə üzü görüb.

"Qəbələ"nin "Keşlə" ilə 9 oyundu meydanı qolsuz tərk etməməsi və son 4 görüşdə hər iki tərəfin fərqlənməsi sabah da bol qollu mübarizə vəd edir. ötən turdakı məğlubiyyətlə 3-cü yerdə gedən "Səbail"dən 4 xal geri düşən qəbələlilər heç olmasa fərqin artmaması üçün doğma azarkeşləri önündə qalib gəlməlidi. Sonuncu yerə düşmək istəməyən "Keşlə" üçün isə mövsümün qalan hissəsində alınacaq hər xal qazancdı.

 

23 fevral

14:00. "Qəbələ" – "Keşlə"

Hakimlər: Rəşad Əhmədov, Vüqar  Bayramov, Qəzənfər Məmmədov, Rəhim Həsənov

Hakim-inspektor: İmanxan Sultani

AFFA nümayəndəsi: Seymur Səlimli 

Qəbələ şəhər stadionu

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest