"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində Fransanın "Nant" komandasına qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, Ağdam təmsilçisinin çalışdırıcısı 1:2 hesabıyla uduzduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
"Təəssüf ki, uduzduq, rəqibi təbrik edirəm. Futbolçularımdan çox razı qaldım. Sürətli oyun oldu. Hər iki komanda qələbəyə oynayırdı. Biz bura hesabı qorumağa, heç-heçəyə gəlməmişdik. Bu oyun bizə çox şey öyrətdi. Futbolun içində elə kiçik elementlər var ki, bu cür səhvlərdən böyüyürsən. Yəqin ki, Azərbaycanda, Bakıda uğurlu nəticə gözləyirdilər. Əfsuslar olsun ki, son saniyələrdə qol buraxdıq və uduzduq. Hər şey növbəti oyuna qaldı.
 
- Məğlubiyyətin əsas səbəbini hansı məqamlarda axtarmaq lazımdır?
- Bəlkə səbəb olaraq nəyisə demək düzgün olmaz. Rəqibdən çəkinmədik. Desəm ki, müdafiəyə oturduq və ya başqa nəsə səbəb gətirmək doğru deyil. Rəqibin oyunçularının ustalıq səviyyəsi onları qapımıza yaxınlaşdırdı. Musa Sissoko və Simon kimi oyunçular meydana girdi, bundan istifadə etdilər. Bəzən olub ki, rəqib üstün oynayıb, biz qalib gəlmişik, bəxtimiz gətirib. Bu gün 3 xal "Nant"ın qisməti idi.
 
- Oyundan sonra futbolçularla nə danışdız?
- Hər oyundan sonra danışırıq və fərqli söhbətlər olur. Yaxşı oyun olanda bəzi məğlubiyyətlərə üzülmürük. Futbolçularda xarakter lazımdır, vacib olan budur. Hər bir futbolçunu təbrik etdim. Həmişə demişəm ki, öz üzərimizdə daha çox çalışmalıyıq. Böyümək üçün belə məğlubiyyətləri düzgün qəbul etməliyik. Soyuqqanlı olmağa çalışacağıq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest