Azərbaycan futboluna ilklər yaşadan "Qarabağ" dünən növbəti tarix yazmaq üçün meydana çıxdı. Əslində, çempionumuz bunu bir həftə əvvəl Fransada da reallaşdıra bilərdi. Ancaq hər şey Bakıya, doğma azarkeşlər önündəki oyuna qalmışdı. Rəqib isə mövsümə əla formada start götürən və qrupda birinci yeri çoxdan təmin edən "Frayburq" idi. Təmsilçimizin "Tofiq Bəhramov"da qələbəsi qrupdakı digər görüşün nəticəsindən asılı olmayaraq, Azərbaycanın ilk dəfə Avropa Liqasının pley-off mərhələsində, qitənin nəhəngləri sırasında bir klubla təmsil olunmasına səbəb olacaqdı.
 
Bütün bunlar "Qarabağ" futbolçularının məsuliyyətini birə-beş artırırdı. Azarkeşlərin üzərinə düşən isə tribunaları dolduraraq, komandanın bu yolda işini asanlaşdırmaq idi. Arenanın ağzına qədər dolması həm dəstəyin, həm də "Qarabağ"a olan inamın göstəricisi idi.
 
"Qarabağ" (Azərbaycan) - "Frayburq" (Almaniya) – 1:1
Qollar: Ovusu Kvabena, 90+2 – Nils Petersen, 25 (pen.)
Qırmızı vərəqə: Kevin Medina, 62
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu. Hakimlər: Aleksey Kulbakov, Dmitri Juk, Oleq Maslyanko, Dmitri Dmitriyev (hamısı Belarus). VAR hakimləri: Tiaqo Martins, Uqo Migel (hər ikisi Portuqaliya)
"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 29. Marko Veşoviç (30. Abbas Hüseynov, 88), 44. Elvin Cəfərquliyev (27. Toral Bayramov, 88), 8. Marko Yankoviç (6. Julio Romao, 88), 7. Riçard Almeyda (k) (22. Musa Qurbanlı, 88), 20. Kadi Borqes, 10. Abdullah Zubir, 77. Ramil Şeydayev (5. Maksim Medvedev, 63), 11. Ovusu Kvabena
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 2. Qara Qarayev, 4. Rahil Məmmədov, 18. İsmayıl İbrahimli, 55. Bədavi Hüseynov, 90. Nəriman Axundzadə
Baş məşqçi: Qurban Qurbanov
"Frayburq": 21. Noah Atubolu, 31. Keven Şlotterbek, 25. Kiliann Sildillia, 30. Kristian Günter (k) (17. Lukas Kübler, 46), 2. Uqo Sike (28. Mattias Ginter, 72), 14. Yannik Kaytel, 23. Robert Vaqner, 33. Noah Veybhaupt (29. Yonq Vu-Yonq, 72), 20. Kevin Şade (22. Roland Şallay, 62), 18. Nils Petersen, 9. Lukas Höler (32. Vinçentso Qrifo, 84)
Ehtiyat oyunçular: 1. Benjamin Uphoff, 26. Mark Flekken, 3. Filip Linhart, 8. Maksimilian Eggeştayn, 27. Nikolas Höfler, 38. Mixael Qreqoritş, 42. Ritsu Doan
Baş məşqçi: Kristian Ştrayx
 
"Qarabağ"da məcburi dəyişikliklər, "Frayburq"da rotasiya
"Nant"la ötən həftə Fransada keçirilən oyunun ilk "11-liy"ində Qurban Qurbanov 3 dəyişikliyə əl atmışdı. Bu, xüsusən də, yarımmüdafiə xəttinə ciddi təsir göstərmişdi. çünki Qara Qarayev və Filip Ozobiç zədə səbəbindən çalışdırıcının sərəncamında deyildi. Xorvatiyalıdan fərqli vitse-kapitan iştirak ərizəsinə salınmışdı. Digər dəyişiklik isə müdafiənin sol cinahında edilmişdi. Toral Bayramovla Elvin Cəfərquliyevi tez-tez dəyişən Qurbanov bu dəfə ikinciyə güvənmişdi. Qaranın yoxluğunda ortada "qara iş"i Marko Yankoviç görməli idi. Ozobiçdən boşalan pleymeykerlik mövqeyinə yenə Kadi Borqes çəkilmişdi. Bu isə Ramil Şeydayevə sağ cinahda çıxış etmək imkanı yaratmışdı. Bundan başqa yarımmüdafiəçi Leandro Andrade də zədə ucbatından oyunu buraxmalı idi.
 
"Frayburq"un baş məşqçisi Kristian Ştrayx üçün bu qarşılaşma gəncləri sınamaq baxımından yaxşı imkan idi. Komanda qrup birinciliyini təmin etdiyindən, almaniyalı mütəxəssis əsas heyət üzvlərinə istirahət vermişdi. çünki Almaniya Bundesliqası və kubokundakı matçlar öncəsi aparıcı oyunçuların dincəlməsi çalışdırıcı üçün daha vacib idi. Təsadüfi deyil ki, "Olimpiakos"la ötən həftə keçirilən görüşün start heyətindən qapıçı da daxil olmaqla düz 9 nəfər dəyişdirilmişdi. Əsas heyət üzvlərindən yalnız kapitan Kristian Günter və gənc yarımmüdafiəçi Yannik Kaytel meydanda idi.
 
Erkən qol arzusu baş tutmadı
Hakimin start fitindən dərhal sonra "Qarabağ" irəli atıldı. Futbolçular qələbə arzusunu ilk dəqiqədən ortaya qoydu. Hiss olunurdu ki, komanda erkən qolla matçı bitirmək istəyir. Buna görə də çox oyunçu ilə meydanın rəqibə aid hissəsinə yerləşmişdi. "Frayburq" isə "dördlü" müdafiə kimi oynasa da, təzyiq qarşısında arxada sıxlıq yaradırdı. Kevin Şade əksər hallarda sağ cinahdan geri çəkilərək, 5-ci müdafiəçi olurdu. Hətta bəzi hallarda almanlar düz 6 nəfərlə müdafiə olunur, 3 oyunçu isə onların önündə yer alırdı. Bu da rəqibin müdafiə xəttini yarmaq baxımından böyük problem yaradırdı. Futbolçularımız əvvəlcə uzun ötürmələrlə hücumçuların müdafiə arxasına açılmasına ümid edirdisə, bunun uğurlu variant olmadığını görüb, özünəməxsus "tiki-taka"ya döndü.
 
Qonaqların meydanın mərkəzini keçə bilməməsi müdafiədə böyük təzyiqlə üzləşməsindən qaynaqlanırdı. Xüsusən də, Kvabena Ovusu fəallığı ilə seçilirdi. Qanalı forvard yorulmadan rəqib müdafiəçilərini gərginlikdə saxlayır, onlara rahat nəfəs almaq imkanı vermirdi. Kadi Borqeslə Abdullah Zubir isə keyfiyyətli iş ortaya qoymağa çalışırdılar. Maraqlıdı ki, komanda bir neçə korner qazanmasına baxmayaraq, bu cütlük hər dəfə paslaşaraq başlayır, nəticədə rəqib qapısında həyəcan başlamadan bitirdi.
 
Baha başa gələn səhv
"Qarabağ" rəqib müdafiəsində boşluq yaranması üçün getdikcə almanlara da bir qədər oynamaq imkanı verdi. Ancaq bu, komandaya baha başa gəldi. Təmsilçimiz bu dəfə də fərdi səhvin qurbanı oldu. Bir qədər əvvəl Kevin Medinanın ustalıqla sürüşmə hərəkətindən ilhamlanan Bəhlul Mustafazadə eyni yolla topu rəqibdən almağa çalışdı. Ancaq elə həvəskar şəkildə reaksiya göstərdi ki, top əvəzinə rəqibin ayaqlarını havaya ayağa qaldırdı. Hakimin təyin etdiyi penaltini isə Nils Petersen qaçırmadı. Bəhlul bir qədər sonra səhvini yumaq üçün əla imkan qazandı. Di gəl ki, asma zamanı 2 metrlik məsafədən topa başla toxuna bilmədi. Halbuki, heç kim ona mane olmurdu.
 
Gözlənilməz qoldan sonra "Qarabağ"ın oyununda müəyyən eniş hiss olunsa da, yenə üstün olan tərəf ağdamlılar idi. Təmsilçimiz yüz faizlik olmasa da, qol vəziyyətlərinə girə bilirdi. Lakin son zərbələrdə gah dəqiqlik çatmırdı, gah da top qapıçıya yaxın küncə gedirdi.
 
VAR-ın "xeyri"
Fasilədən sonra Kristian Ştrayx kapitan Kristian Günteri də meydandan çıxardı. "Qarabağ" ikinci hissəyə də yüksək təzyiqlə başladı. Artıq "Frayburq" da etibarlı müdafiə olunmurdu. Azərbaycan çempionu rahat qol vəziyyətlərinə girir, ancaq son zərbələrdə ustalıq çatmırdı. Təəssüf ki, VAR bu dəfə "Qarabağ"a ardıcıl 3 zərbə vurdu. Belaruslu referi əvvəlcə təyin etdiyi penaltini, az sonra vurulan qolu məhz VAR-ın köməyi ilə ofsayd qeydə alaraq ləğv elədi. 62-ci dəqiqədə isə rəqib hücumunun qarşısını kobudluqla alan Medina əvvəlcə sarı aldısa, canını bununla qurtara bilmədi. Yenə VAR-dan gələn siqnaldan sonra vərəqənin rəngi qırmızıya çevrildi. 
 
Gecikən qol
Komandamız meydanda 10 nəfərlə qalmasına baxmayaraq, meydandakı mübarizə heç də bunu göstərmirdi. Düzdü, oyun bərabərləşmişdi. Ancaq yenə "Qarabağ" kifayət qədər qol vəziyyətlərinə girirdi. Zubir-Ovusu cütlüyünün irəli xətdəki fəallığı qonaqları rahat oynamaq imkanı vermirdi. Təəssüf ki, Kadi hücum planında onlardan geri qalırdı. Artıq qalan dəqiqələrdə pərakəndə oyuna şahidlik etdik. "Qarabağ" azlıqda qalmasına baxmayaraq, sona qədər qol axtarışında oldu. Bu qol təəssüf ki, çox gec gəldi. 90+2-ci dəqiqədə Ovusunun qolu futbolçularla yanaşı, bütün tribunaları həyəcanlandırdı. Ancaq möhtəşəm geridönüşə bəxt və vaxt çatmadı. 
 
Bir sözlə, "Qarabağ"ın tarixi zəfəri VAR-a "ilişdi". Digər görüşdə də "Nant" sona yaxın vurduğu qollarla "Olimpiakos"u üstələyərək, ikinci yeri tutdu. Azərbaycan çempionu ötən mövsüm olduğu kimi, yenə mübarizəni Konfrans Liqasının pley-off mərhələsində davam etdirəcək.
 
"Qarabağ"ın Konfrans Liqasının pley-offundakı rəqibi noyabrın 7-də atılacaq püşkatmada bilinəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest