"Pivariçə görə çox məyusam. Diz zədəsi çox ağır olur, bunu heç kimə arzulamaram". Matc.az saytının məlumatına görə, bunu Xorvatiya yığmasının futbolçusu Borna Barişiç deyib.

Yerli mətbuata müsahibə verən 27 yaşlı sol cinah müdafiəçisi millidə həmin mövqedə əsas heyət üzvü olan Yosip Pivariçin yoxluğunu özü üçün şans hesab edir. "Reyncers"in oyunçusu baş məşqçidən dəvət aldığını gizlətməyib.

Barişiç AVRO-2020-nin seçmə qrup mərhələsində Azərbaycan və Macarıstanla oyunlar haqda fikirlərini də bölüşüb: "Bilirəm ki, Pivariçin yoxluğu mənim yığmaya yolumu aça bilər. Yaxşı formadayam və hazıram. Hər şey baş məşqçinin qərarından asılıdı. Düzdü, komandada itkilər var. Şime Vrsalko da oynaya bilməyəcək. Xüsusən də, cinah oyunçularının zədəli olması bir təsadüfdü. Azərbaycan və Macarıstanla oyunlarda işimiz asan olmayacaq. Oyunlara arxayın çıxmaq, rahatlaşmaq olmaz. İstənilən rəqib sizi təəccübləndirə bilər. Bacarığımıza bələdik, məncə, bir problem olmaz. Məsuliyyəti üzərimizə götürməliyik. Komandamız böyük klublarda çıxış edən peşəkar futbolçulardan qurulub. Qarşıdakı iki oyunda qələbə qazanmaq lazımdı".

Qeyd edək ki, martın 21-də Zaqrebdə Azərbaycan millisini qəbul edəcək Xorvatiya yığması bundan 3 gün sonra Budapeştdə Macarıstanın qonağı olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest