"Sabah"ın almaniyalı hücumçusu Coy Lens Mikelsin matc.az saytına müsahibəsi

- Premyer Liqanın XX turunda "Qəbələ" uzun müddət azlıqda çıxış etsə də, yalnız son yarım saatda rəqibin müqavimətini qıra bildiniz. Sanki "Qəbələ"nin azlıqda qalacağını gözləmirdiniz...
- Bu komandaya qarşı oyunlar həmişə çətin keçir ki, bu dəfə də istisna olmadı. Şadam ki, çətin səfər oyunundan 3 xalla qayıtmağı bacardıq. Qırmızı vərəqədən sonra "Qəbələ" daha çox müdafiəyə meylli oyun sərgiləməyə başladı. Bu da işimizi bir qədər də çətinləşdirdi.

- Hər iki komanda meydanda kifayət qədər aqressiv görünürdü ki, bunun nəticəsində çox sayda sarı vərəqə göstərildi. Bu aqressivlik nədən qaynaqlanırdı?
- Bu, futbolun bir parçasıdı. "Qəbələ" fiziki cəhətdən güclü komandadı. Onlarla matçda bununla ayaqlaşmalısan, yoxsa məğlub olarsan.

- üçüncü pillədəki "Neftçi"dən 8 xal öndəsiniz. Bu sizi arxayınlaşdırmır?
- Əsla. Bu onu göstərir ki, biz öz işimizi yaxşı görürük. Belə çox gözəldi.

- "Sabah"ın performansı yüksək dəyərləndirilsə də, çempionluq uğrunda "Qarabağ"la rəqabət aparmağa hazır olmadığı deyilir. Bu fikirlə razısınız?
- Biz yalnız hər növbəti rəqibimiz barədə düşünürük. Hər oyunumuzdan maksimum nəticə ilə ayrılmağa çalışırıq. Mövsümün yekununda hansı nəticəni qazanacağımızı sonda görəcəyik.

- Qış fasiləsindən sonrakı hər iki görüşdə qol vurdunuz. öz performansınızdan tam razısınız?
- Mövsümün ikinci yarısına qollarla başlamağım sevindiricidi. Ancaq bundan da əsas olan komandanın qalib gəlməsidi. Qollarla komandamın qələbəsində müəyyən rol oynadığıma görə şadam. ümid edirəm ki, bundan sonra da öz oyunumla komandamın uğurlu çıxışına töhfə verməyə davam edəcəyəm.

- Mərkəz hücumçusu olmasanız da, 11 qolla bombardirlər sırasında yer almısınız. Bu amil sizi bombardir olmaq üçün daha da həvəsləndirmir?
- Mən bombardirdən daha çox universal oyunçuyam. Qol vurmaqla yanaşı, assist etməyi də xoşlayıram. Əsas odur, öz oyunumla komandamın uğurlu nəticə qazanmasına kömək olum.

- Hər kəs indidən XXII turda "Qarabağ"la keçirəcəyiniz matç barədə danışır. çoxları bunu çempionluq yarışında sizin üçün son şans kimi görür. Sizin buna münasibətiniz necədi?
- "Qarabağ"la matça kimi bizi daha bir oyun gözləyir. İlk növbədə bu qarşılaşmaya köklənməliyik. "Səbail" çətin rəqibdi və bizi bu komanda ilə ağır qarşılaşma gözləyir. Unutmayaq ki, bu komanda bizi kubokdan kənarlaşdırmışdı. Bu oyunda qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik.

XƏYAL

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest