Topaz Premyer Liqasının XXI turunun daha bir oyunu turnir cədvəlində qonşuların dueli ilə əlamətdar olacaq. Matc.az saytının məlumatına görə, "Qarabağ" "Səbail"lə qarşılaşacaq.

Komandalar "qonşu" olsalar da, hədəflər fərqlidi. Nə "Səbail"in "Qarabağ"ın yerində gözü, nə də ağdamlıların geriləmək qorxusu var. Ancaq mümkün xal itkisi Qurban Qurbanovun komandasını daha çox "yaralayar". "Səbail", onsuz da, 3-cü pillədə qərarlaşıb və məqsədi orda qalmaqdı. Ancaq çempionluq titulunu qorumaq istəyən "Qarabağ"ın, bəlkə də, xal itirimək limiti qalmayıb.

ötən turda sürpriz şəkildə "Zirə" ilə bərabərə qalmaqla, "Neftçi"ni yenidən önə buraxan Ağdam təmsilçisinin işi heç də asan olmayacaq. çünki Aftandil Hacıyevin kollektivi "canlı bomba" kimi çempionatda "gəzir", harda "partlayacağı" bəlli deyil. Komanda gah asanlıqla qalib gəlir, gah bir həftə sonra məğlub olur, gah da öz meydanında son pillədə qərarlaşan rəqibi ilə heç-heçəyə sevinir. Bu mənada "Qarabağ"la görüşdə istənilən nəticə sürpriz olmaz.

Ancaq statistika çempionun "Səbail" üçün arzuolunmaz rəqib olduğunu göstərir. Son texniki qələbəni nəzərə almasaq, 2017-ci ildən elitada çıxış edən bakılılar bir qayda olaraq bu rəqibə uduzur. Digər maraqlı məqam isə paytaxt təmsilçisinin hələ də "Qarabağ"ın qapsına yol tapa bilməməsidi. Bu tilsimin "Bayıl Arena"da qırılıb-qırılmayacağına sabah aydınlıq gələcək.

Doğrudu, "Qarabağ" 2019-cu ildə məğlub olmayıb. Lakin çempionluğa iddia edən komanda üçün 6 matçın 3-də qeydə alınan bərabərlik heç də xoş mənzərə deyil.

Sabahkı qarşılaşma həm də "Qarabağ"ın tarixinə adını yazdırmağı bacarmış Ansi Aqolli üçün əlamətdar olacaq. çünki 9 ildi ağdamlıların şərəfini qoruyan albaniyalı müdafiəçi məhz "Səbail"lə oyunda vidalaşacaq. Təbii ki, komanda yoldaşları veteran oyunçunu yüksək əhval-ruhiyyədə yola salmaq üçün ona qələbə hədiyyəsi etməyə çalışacaqlar.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest