"Duyğular müsbətdir. İnam həmişə var idi. Şükürlər olsun ki, həm çempionatda, həm də kubokda istəyimizə çatdıq. Finalda oynamaq gözəl hiss idi. çox sevinirik. Kubok mənim üçün çox önəmli idi". Matc.az xəbər verir ki, bunu "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev ölkə kubokunun finalında "Neftçi" üzərində qazanılan qələbədən sonra deyib.

Onun sözlərinə görə, komandası final oyununa qədər iddialı olduğunu sübuta yetirdi: "İçimdə hiss vardı ki, futbolçular titul qazanmaq üçün ən yaxşısını edəcəklər. Bu gün şans bizim tərəfimizdə idi, biz də qələbə qazandıq. Bu klubun yetirməsiyəm, burada böyümüşəm, futbola burada başlamışam. Arzum idi ki, "Qəbələ" ilə titulum olsun. Ardıcıl iki il uğurlu nəticələr əldə etdik. çox xoşbəxtəm".

Baxşıyevin fikrincə, mövsümün gedişində komandası eniş yaşasa da, sonda toparlana bilib: "Mövsümü titulla dəyərləndirməzdim. Enişdə olduq, amma komanda ruhunu saxladıq. Komandam qəhrəmandır. Bəzi futbolçularımıza təkliflər var ki, bu da normaldır. İnanıram ki, rəhbərlik onlarla danışıqlar aparacaq, ortaq məxrəcə gələ biləcək".

- Oyundan əvvəl "Neftçi" titulsuz qalmağın təzyiqi altında idi. Bu, "Qəbələ"nin daha rahat oynamasına səbəb oldu?
- Hər komanda təzyiq altında olur. çünki, ortada titul var. Matç başlayandan sonra bütün təzyiqlər itdi və oyun istədiyimiz kimi getdi.

- Son dəqiqələrdə bəzi epizodlardan yararlana bilmədiniz. Həmin anlarda düşünmədiz ki, kubok əldən gedə bilər?
- Xeyr. Oyun əlavə vaxta gedəndə hiss edirdim ki, qalib gələcəyik. ülvi İsgəndərovun vurduğu top dirəyə dəydi. Ondan sonra ümidim artdı ki, şansımız olacaq.

Qeyd edək ki, "Neftçi"ni 1:0 hesabı ilə məğlub edən "Qəbələ" tarixində ikinci dəfə Azərbaycan kubokuna sahib çıxıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest