Milli komandaların oyunları ilə əlaqədar Topaz Premyer Liqasında yaranmış fasilə başa çatır. Matc.az saytının məlumatına görə, artıq sonuncu - həlledici dövrə start götürür.

XXII turun açılış oyunu sabah "Zirə" ilə "Səbail" arasında keçiriləcək. Bu görüş hər şeydən əvvəl ulduz futbolçu Maykl Essyenin Azərbaycan çempionatında debütü ilə yadda qala bilər. Etiraf edək ki, məhz bu amil paytaxt klubları arasındakı matçın nəticəsini indidən kölgəyə salıb. Məhz qanalının oyununu canlı izləmək istəyən azarkeşlərin sayəsində Zirə stadionuna həmişəkindən daha çox azarkeş toplaşa bilər.

Qış fasiləsindən sonra geridə qalan III dövrəni komandalar fərqli məcrada keçirib. Mövsümün ilk yarısında sürpriz şəkildə bürünc medala iddiasını ortaya qoyan "Səbail"in qeyri-stabil çıxışı "Qəbələ"nin ona yaxınlaşmasına səbəb olub. Aftandil Hacıyevin yetirmələri ötən dövrənin ilk 4 turunda 3 qələbə qazansa da, bunun davamını gətirə bilməyib. Qəsəbə təmsilçisi son 3 oyunda aktivinə cəmi 1 xal yazdıra bilib.

"Zirə"də isə vəziyyət əksinə cərəyan edib. Samir Abasovun oyun fəlsəfəsini komandaya aşıladığını artıq demək olar. Zirəlilər 2019-cu ilə məğlubiyyətlə başlasa da, XV turda "Sabah"a yenilgi yeganə uğursuz oyun kimi yadda qalıb. Sonrakı 6 qarşılaşmanın 3-də qələbə qazanan "Zirə" həmçinin "Neftçi", "Qarabağ" və "Qəbələ" kimi rəqiblərdən 1 xal "qoparıb". Bu uğurlu seriya sayəsində autsayderlikdən qurtulan komanda artıq 3-4-cü yerlər barədə düşünməyə başlayıb. Azərbaycan kubokunda da yoluna davam edən Samir Abasovun kollektivi çempionatda 4-cü pillədəki "Qəbələ"dən 7 xal geri qalır.

Statistika da "Zirə"nin "Səbail" üçün arzuolunmaz rəqib olduğunu göstərir. İlk dövrədəki texniki qələbəni nəzərə almasaq, "Səbail" iki il ərzində 6 dəfə üz-üzə gəldiyi rəqibini məğlub edə bilməyib. "Səbail" sabahkı rəqibinin qapısına sonuncu dəfə ötən ilin martında yol tapa bilib.

Cari ildəki performansı nəzərə alsaq, ev sahiblərini sabahkı qarşılaşmanın favoriti hesab etmək olar. üstəlik, nəzərə alaq ki, qalibiyyət təqdirində "Zirə" rəqibi ilə xal fərqini 6-ya endirəcək. "Səbail"də isə Essyenin gəlişi müsbət təsir göstərə bilər. Təbii ki, onun hansı formada olması da çox önəmlidi. Ancaq Essyenin varlığının onun komanda yoldaşlarına əlavə motivasiya verəcəyi şübhəsizdi.

Topaz Premyer Liqası
XXII tur
30 mart (şənbə)

16:00. "Zirə" – "Səbail"
Zirə İdman Kompleksinin stadionu. Hakimlər: Vüqar Həsənli, Cəmil Quliyev, Elşad Abdullayev, Namiq Bəkirov

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest