Topaz Premyer Liqasının lideri "Neftçi" milli komandaların iştirakı ilə əlaqədar yaranmış fasilədən sonra sabah ölkə çempionatında ilk oyununa çıxacaq. Matc.az saytının məlumatına görə, paytaxt təmsilçisi son dövrənin birinci oyununda "Keşlə" ilə qarşılaşacaq.

"Neftçi" normal şərtlər altında bu görüşün favoriti sayılmalıdı. Bunu müəyyən etmək üçün turnir cədvəlindəki mövqelərə nəzər yetirmək kifayətdi. Lakin "ASK Arena" amili "ağ-qaralar" üçün indidən həyəcan təbili olmalıdı. Hər halda bu stadionu zədəsiz və qələbə ilə tərk etmək heç də asan deyil.

Uzun fasilədən sonra, nəhayət ki, çempionluğa bu qədər yaxın olan "Neftçi" bu şansı əldən vermək istəmir. Bu üzdən "Keşlə"dən başlayaraq, komanda qalan oyunların hamısına final gözü ilə baxacaq. Roberto Bordinin yetirmələri III dövrədə kifayət qədər xal itkisinə yol verib. Düzdü, komanda cəmi 1 dəfə - evdə "Səbail"ə məğlub olub. Ancaq 3 oyunda da heç-heçə edib. çempionluğu hədəfləyən klub üçün 21 mümkün xaldan 12-ni toplamaq heç də xoş sonluq gətirməz. Bunun nəticəsidi ki, "flaqman" hazırda liderliyi "Qarabağ"la bölüşür.

"Keşlə"nin durumu isə o qədər də ürəkaçan deyil. III dövrədə 2 qələbə qazanan keçmiş "bankirlər" aktivlərinə cəmi 7 xal əlavə ediblər. Tərlan Əhmədovun yetirmələri digər 4 qarşılaşmada isə məğlubiyyətə düçar olub. Düzdü, qəsəbə təmsilçisi hazırda turnir cədvəlinin sonuncu pilləsində qərarlaşmayıb. Lakin "zirzəmi"dəki "Sumqayıt"dan cəmi 2 xal öndədi. Bu da hər an sonuncu olmaq təhlükəsindən xəbər verir.

Bu oyunu həm də Tərlan Əhmədovun sabiq komandası ilə dueli kimi xarakterizə etmək olar. Əhmədov çempionluq yolundakı rəqibi büdrətməklə ötən mövsüm "Neftçi"nin "sükanı arxası"nda olarkən ona müxtəlif maneələr yaradan klub rəhbərliyinə unudulmaz zərbə vura bilər. Ancaq bu, heç də asan olmayacaq. çünki çalışdırıcını, xüsusən də, hücum xəttindəki problemlər narahat edir. Təsadüfi deyil ki, "Keşlə" builki 7 matçın 5-də rəqib qapısına yol tapa bilməyib.

Paytaxt klublarının əvvəlki duellinə baxdıqda "Neftçi"nin aşkar üstünlüyünü görmək olar. 14 oyundu rəqibə qol vurmağı bacaran "ağ-qaralar" cari mövsümün hər 3 görüşdə quru hesabla qalib gəlib.

 

Topaz Premyer Liqası

XXII tur

30 mart (şənbə)

18:30. "Keşlə" – "Neftçi"

Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Rza Məmmədov, Rəşad Əhmədov

Hakim-inspektor: Şahin Cəfərov

AFFA nümayəndəsi: Elbrus Abbasov

"ASK Arena"

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest