25 Avqust 2023, 00:35
AVROPA LİQASI
"çox yaxşı oyun keçdi. Hər iki komanda topla rəftarı xoşlayırdı". Matc.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Sloveniya klubu "Olimpiya"nı 2:0 hesabı ilə məğlub etdikləri Avropa Liqasının pley-off mərhələsinin ilk oyunu barədə danışarkən deyib.
Təcrübəli mütəxəssis görüşün ardından təşkil edilən mətbuat konfransında hələ heç nəyin həll olunmadığını bildirib: "Hər iki tərəfin düşünülmüş, maraqlı hücumları oldu. Bu, hələ ilk matç idi. Bu qələbə bizi arxayınlaşdırmamalıdı. "Olimpiya" ilə cavab görüşünə buradakından da ciddi yanaşmalıyıq. çünki onların potensialları çox böyükdü. İstənilən vaxt təhlükəli vəziyyətlər yaradırlar. Hər an qol vurmaq qabiliyyətinə malikdilər. Qarşıdakı 90 dəqiqədə hələ xeyli güc sərf eləməli olacağıq".
51 yaşlı çalışdırıcı qələbədə vacib rol oynayan məqamları vurğulayıb: "Matçın əvvəlində düşündüyümüz pressinqi edə bilmədik. Amma getdikcə oyunu meydanın rəqibə aid hissəsində qura bildik, pressinqimiz pis alınmadı. "Olimpiya"nı qapımıza yaxın buraxdıqda dərhal təhlükə yarada bilirdi. Qələbədə ən vacib komponent kimi bunu qeyd edərdim".
Baş məşqçi Kevin Medinanın kornerdən ötürülən topu başla qapıdan keçirməsinə də toxunub: "Standart vəziyyətlər, oyun quruculuğu, ümumiyyətlə, bütün komponentlər üzərində hazırlaşırıq. Bu gün standart vəziyyətdən daha uğurlu yararlandıq. Deməzdim ki, oyunumuzu sırf bunun üzərində qurmuşduq. Lakin daha çox buna üstünlük vermişdik".
Qeyd edək ki, bu komandalar arasında cavab matçı avqustun 31-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.