Sabah Topaz Premyer Liqasında XXIII tura start veriləcək. Matc.az saytının məlumatına görə, yenə ilk gündə 2 görüş baş tutacaq.

"Sumqayıt"la "Keşlə"nin "Kapital Bank Arena"dakı dueli çoxlarına önəmsiz görünə bilər. Lakin komandaların hazırkı durumlarına nəzər yetirsək, bəlkə də, turun ən maraq doğuran oyunlarından biri olacaq.

Finişə yaxın turnir cədvəlinin sonuncusu olan "Sumqayıt"ın indiki vəziyyətdə geridə qoya biləcəyi yeganə komanda məhz "Keşlə" görünür. Aralarındakı xal fərqinin 2 olması sabahkı qarşılaşmanın nəticəsini daha da önəmli hala salır. çünki bu, aşağı sıralardakı komandalar üçün, bəlkə də, mövsümün matçıdı. çünki "Keşlə"nin səfər qələbəsi təkcə sabiq "bankilər"ə yox, digərlərinə ("Zirə" və "Sabah") də rahat nəfəs aldıracaq. "Sumqayıt" isə "həyata tutunmaq" və mövsümün son turlarında axırıncı pillədən qurtulmaq mübarizəsi davam etdirmək üçün ilk növbədə uduzmamalıdı.

Qış fasiləsindən sonrakı dönəmi hər iki tərəf üçün uğursuz saymaq olar. Xüsusən də, "gənclik şəhəri" təmsilçisinin nəticələri məyusedicidi. ötən turda "Qarabağ"a biabırçı hesabla məğlubiyyət artıq azarkeşlərin də münasibətində xeyli dəyişikliyə səbəb olub. "Sumqayıt" ölkə kubokunda yoluna davam etdə də, bunun müqabilində 2019-cu ildə hələ qələbə üzü görməyib. Ayxan Abbasovun yetirmələri 8 matçın cəmi 2-də heç-heçəyə sevinə bilib.

"Keşlə"nin durumu sabahkı rəqibi ilə müqayisədə nisbətən ürəkaçandı. üçüncü dövrədə 2 qələbə, 1 heç-heçəsi olan bakılıların qalib gəldiyi komandalardan biri məhz "Sumqayıt" olub.

Maraqlı məqam hər iki komandanın hücum xəttinin zəif nəzərə çarpmasıdı. Təsadüfi deyil ki, bu il keçirilən oyunlarda "Keşlə" cəmi 5, "Sumqayıt" isə 3 qol sevinci yaşayıb. Bakılılar bu görüşlərin 6-da, "gənclik şəhəri" təmsilçisi 5-də rəqib qapısına yol tapa bilməyib.

Komandalar arasındakı duellər sabah qarşılıqlı qollar vəd edir. Belə ki, son 7 qarşılaşmada hər iki tərəf fərqlənib. "Keşlə" bu baxımdan daha üstündü. çünki paytaxt klubu 16 oyundu ki, "Sumqayıt"ı mərkəzə dəvət etməyi bacarır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest