Topaz Premyer Liqasının XXIII turu bir neçə futbolçunun cəzalı duruma düşməsi ilə yadda qalıb. Matc.az saytının məlumatına görə, konkret olaraq 7 oyunçu növbəti turu buraxmalı olacaq.

Bu baxımdan "Neftçi" - "Zirə" (4:2) qarşılaşmasını xüsusi fərqləndirmək olar. Görüşün son dəqiqəsində meydandan qovulan İlkin Muradov və oyundan sonra qırmızı vərəqə alan Orxan Sadıqlı "Sumqayıt"la oyunda "Zirə"dən ayrı düşəcək. Muradovdan fərqli, Sadıqlı 1 oyunla canını qurtara bilməyəcək.

Həmin matçın son dəqiqələrində sarı vərəqə alan "Neftçi"nin vitse-kapitanı Emin Mahmudov da cəzalı duruma düşüb. Cari mövsüm 4-cü sarı vərəqəsini alan yarımmüdafiəçi "Səbail"lə görüşdə məşqçilər korpusunun ixtiyarında olmayacaq.

"Qəbələ" - "Qarabağ" (1:2) qarşılaşması hər iki komandanın bir müdafiəçisini itirməsi ilə nəticələnib. Müvafiq olaraq, Vojislav Stankoviç və Bədavi Hüseynov 4 sarı vərəqə limitini doldurub.

"Səbail" üzərində qələbə qazanan "Sabah" (3:1) isə əvəzində iki aparıcı oyunçusunun xidmətindən məhrum qalıb. Matçda sarı vərəqə alan müdafiəçi Təmkin Xəlilzadə və yarımmüdafiəçi Erik Ramos cəzalı duruma düşüb. Cari mövsümdə 8-ci dəfə "sarı"ya "qonaq olan" futbolçular "Qarabağ"la görüşü tribunadan izləməli olacaqlar.

Qeyd edək ki, Topaz Premyer Liqasının XXIV turunun oyunları aprelin 13-14-də keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest