Sabah Topaz Premyer Liqasında XXIV tura start veriləcək. Matc.az saytının məlumatına görə, ilk gündə 2 qarşılaşma baş tutacaq.

Təbii ki, əsas diqqətlər Tofiq Bəhramov adına Respublika Stadionuna yönələcək. çünki çempionluq uğrunda gərgin mübarizə içində olan "Qarabağ" meydana çıxacaq. Sabahkı günü Ağdam təmsilçisi üçün növbəti çətin sınaq kimi dəyərləndirmək olar. Səbəb heç də rəqib "Sabah"ın güclü olması deyil. Sadəcə, çempionatın debütantı Qurban Qurbanovun kollektivi üçün arzuolunmaz rəqibdi. Təsadüfi deyil ki, bu komandalar arasında II və III dövrədə keçirilən qarşılaşmada bərabərlik qeydə alınıb. Ancaq "Qarabağ" artıq elə mərhələdədi ki, bir heç-heçə belə, komandanı çempionluqdan məhrum edə bilər.

Mövsümün ilk yarısında iddialılar sırasında yer alan "Sabah"ın hazırda rəqibindən fərqli, sabaha çox az ümidi var. Elşad Əhmədovun yetirmələri son 5 turda ən yaxşı halda 4-cü pilləyə ümid edə bilər. XV turdan sonra növbəti qalibiyyətini bir də ötən həftə - XXIII turda əldə edən paytaxt təmsilçisi üçün 2019-cu il uğursuz keçir. Komandanı ümidləndirən yeganə amil son iki görüşdə "Qəbələ" ilə heç-heçə edib (0:0), "Səbail"ə qalib gəlməkdi - 3:1. Ancaq indi meydanda nə mövsümün əvvəlindəki kimi qollarını sıralayan Marko Deviçi, nə də böyük ümid bəslənilən Cavid İmamverdiyevi görə bilirik. Bakılıların iştirak ərizəsinə nəzər yetirdikdə, hücumameyilli başqa kimsənin olmadığını deyə bilərik. Pleymeyker Miloş Bosançiç də mövsüm bitməmiş yola salınıb.

"Qarabağ"da isə fərqli mənzərə yaranıb. İlin ilk 6 oyunundan 3-də büdrəyən ağdamlılar artıq tempi tutmağı bacarıb. Son 3 matçdan qalib ayrılan Qurbanovun kollektivinin performansı turdan-tura yüksələn qrafik üzrə davam edir. çətin Qəbələ səfərindən qalibiyyətlə dönən son çempion titulunu qorumaq istəyirsə, nəyin bahasına olursa-olsun müdafiəyəmeyilli komanda kimi tanınan "Sabah"ın müqavimətini qırmalıdı.

Sabahkı qarşılaşmaya hər iki komanda itki ilə çıxacaq. Düzdü, "Qarabağ"da təkcə cəzalı Bədavi Hüseynov olmayacaq ki, Yakub Jezniçak və Rahil Məmmədov kimi oyunçular onun boşluğunu doldurmaq iqtidarındadılar. Ancaq "Sabah"ın itkiləri daha ciddidi. Cinah müdafiəçisi Təmkin Xəlilzadə və dayaq yarımmüdafiəçisi Erik Ramos cəza ucbatından meydana çıxa bilməyəcək. Həmçinin Elşən Abdullayev də zədədən əziyyət çəkir.

 

13 aprel

18:30. "Qarabağ" – "Sabah"

Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Pərvin Talıbov, Rəşad Əhmədov

Hakim-inspektor: İmanxan Sultani

AFFA nümayəndəsi: Rüfət Əmirov

Tofiq Bəhramov adına Respublika Stadionu

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest