Azərbaycan millisinin sabiq futbolçusu Rahid Əmirquliyevin matc.az saytına müsahibəsi

- Millinin Monqolustan (1:0) və Bolqarıstanla (1:1) keçirdiyi yoldaşlıq oyunları haqda nə deyə bilərsiniz? Komandamız bu görüşlərdə necə təsir bağışladı?

- Millinin hər iki matçını stadiondan canlı izlədim. Düzdü, Monqolustan üzərində qələbə qazandıq. Amma düzünü desəm, komandamızın bu görüşdəki çıxışını heç bəyənmədim. Monqolustan həddindən artıq zəif rəqib idi. Onlar 2-3 ardıcıl ötürmə verə bilmirdilər. Bununla belə, millimiz Monqolustana qol vurmaqda əziyyət çəkdi. Düzdü, topa nəzarət bizdə idi. Ancaq hücum xəttində kəsərli ola bilmirdik. Komandamız Monqolustana rahatlıqla qollar vurmalı idi. Bolqarıstanla görüşə gəlincə, bu matçda millimiz pis çıxış etmədi. Bolqarıstan yığmasının Monqolustanla müqayisədə güclü olduğunu nəzərə alsaq, komandamız onlara qarşı pis təsir bağışlamadı. Futbolçularımız qol buraxsalar da, özlərində güc taparaq hesabı bərabərləşdirdilər. Ancaq ümumi götürəndə düşünürəm ki, hər iki rəqibə Bakıda qalib gəlməliydik. Rəqiblər millimizin dişinə görə idi.

- Bu oyunlarda millidə debüt edən futbolçular oldu. Onların çıxışı qənaətbəxş idi?

- Düzdü, debüt edənlər oldu. Xüsusilə, Emil Mustafayevi qeyd edərdim. Pis futbolçu deyil. Görünür ki, yaxşı futbolçu ola, gələcəkdə milliyə kömək edə bilər. Ceyhun Nuriyev Bolqarıstanla matçda az şans qazansa da, meydana çıxıb qol ötürməsini verdi. Musa Qurbanlı bolqarlara qol vurdu. Bu futbolçular bizim gələcəyimizdilər. Mən bir şeyi başa düşmədim ki, məşqçi Arif Əsədov Monqolustanla oyunda niyə cavan uşaqlara şans vermədi? Zatən, Monqolustanın çox zəif olduğu bilinirdi. Bu görüşdə gənc uşaqlara şans vermək, hətta U-21-dən futbolçular götürüb oynatmaq olardı.

- Bu toplanışadək millinin yeni baş məşqçisinin dəqiqləşməsi yaxşı olmazdımı?

- Əlbəttə, millinin baş məşçisi nə qədər tez təyin olunsa, o qədər yaxşıdı. Məşqçinin komandanı tanımağa, futbolçuları yoldaşlıq oyunlarında yoxlamağa vaxtı olardı. Yəqin ki, AFFA-da prezident seçkisini gözləyirlər, millinin baş məşqçi məsələsi ilə bağlı bundan sonra qərar verəcəklər. Amma yenə deyirəm, nə qədər tez qərar verilsə, milli üçün o qədər faydalı olar.

- Millinin hazırkı heyətini son illərin ən yaxşı heyəti adlandıranlar var. Bu fikirlə razısınız?

- Millinin hazırkı heyəti pis deyil. Cavan futbolçu çoxdu. Xeyli sayda oyunçumuz legioner həyatı yaşayır. Ancaq mən deməzdim ki, millinin ən güclü heyəti budu. Yığmanın bundan qabaqkı heyəti də pis olmayıb. Hər heyətin öz üstünlükləri var. O vaxt futbol bir az başqa cür idi, indi başqa cürdü. Buna görə də heyətləri müqayisə etməyi düzgün saymıram.

- Millətlər Liqasında yığmamızdan uğurlu nəticə gözləmək olar?

- Millətlər Liqasında İsveç, Slovakiya və Estoniya ilə qarşılaşacağıq. Qrupun favoriti İsveçdi. Slovakiya və Estoniya ilə ikinci yer uğrunda mübarizə apara bilərik. Estoniyadan rahatlıqla 6 xal almaq olar. Slovakiya ilə bir qədər çətin olacaq. Ancaq o komanda ilə də oynamaq mümkündü.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest