“Tottenhem” Avropa Liqasının Liqa mərhələsində “Qarabağ”la keçirəcəyi oyundan öncə problemlə üzləşib. Matc.az xəbər verir ki, London klubunun iki futbolçusu zədələnib.

Söhbət yarımmüdafiəçi Vilson Odober və hücumçu Timo Vernerdən gedir. Onların hər ikisi "Koventri Siti"ni 2:1 hesabı ilə məğlub etdikləri Liqa Kuboku oyununda zədə alıb.

Komandanın baş məşqçisi Angelos Postekoqlunun matçsonrası mətbuat konfransında dediyi sözlərə görə, Odoberin zədəsi ciddidi. Bu isə onun “Qarabağ”la qarşılaşmanı buraxmaq ehtimalının böyük olduğunu deməyə əsas verir.

Postekoqlu Vernerin vəziyyəti ilə bağlı isə konkret söz deməyib. Almaniyalı futbolçunun durumuna tibbi müayinədən sonra aydınlıq gələcək.

Qeyd edək ki, sentyabrın 26-da Londonda keçiriləcək "Tottenhem" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest