Avropa Liqasında qrup mərhələsinin III turunda "Qarabağ"ı Bakıda məğlub edən (1:0) "Vorskla" Ukrayna klublarının uğursuzluq seriyasını qırıb. Matç.az saytının məlumatına görə, poltavalılar cari mövsüm avrokuboklarda qələbə qazanan ilk Ukrayna təmsilçisi olub.

Vasili Saçkonun yetirmələri buna qədər qrupda "Sportinq" (1:2) və "Arsenal"a (2:4) uduzmuşdu. Avropa Liqasında ölkəni təmsil edən Kiyev "Dinamo"su da ilk iki turda "Yabloneç" (2:2) və "Astana" (2:2) ilə heç-heçə etmişdi.

çempionlar Liqasında mübarizə aparan Donetsk "Şaxtyor"u isə qrupda keçirdiyi ilk üç qarşılaşmada 2 xal toplayıb ("Mançester Siti" – 0:3, "Lion" – 2:2, "Hoffenhaym" – 2:2).

Dünən "Qarabağ" - "Vorskla" matçı bitdikdən sonra III tur oyununa çıxan "Dinamo" səfərdə "Renn"ə qalib gəlib (2:1).

Qeyd edək ki, bu, eyni zamanda "Vorskla"nın tarixi ərzində avrokuboklarda ilk qələbəsi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest