Yaponiyada qadın voleybolçular arasında dünya çempionatı davam edir. Matç.az saytının məlumatına görə, bu gün qrup mərhələsi çərçivəsində IV turun oyunları keçirilib.

Azərbaycan yığmasının Trinidad və Tobaqo üzərində asan qalib gəldiyi (3:0) gündə ABŞ Tailandla üz-üzə gəlib. Gərgin keçən görüşdə amerikalılar 3:2 hesablı qələbəyə seviniblər. Digər matçda isə Rusiya Cənubi Koreyaya rəhm etməyib – 3:0.

Bu nəticələrdən sonra Rusiya ABŞ-la xal fərqini qapayıb. Hazırda hər iki komandanın aktivində 11 xal var. Şimal qonşularımız hətta şəxsi göstəricilərinə görə zirvəyə yüksəlib. Tailand 7 xalla 3-cü, Azərbaycan isə 6 xalla 4-cü sırada yer alıb. Cənubi Koreyanın aktivində cəmi 1 xal varsa, Trinidad və Tobaqo hələlik xal üzünə həsrətdi.

Qeyd edək ki, sabah qrupda son turun oyunları keçiriləcək. Azərbaycanla Tailand, Trinidad və Tobaqo ilə Cənubi Koreya, Rusiya ilə də ABŞ üz-üzə gələcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest