Menecer Erkin İbrahimovun “Kəpəz”dən ayrılması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirməyə bilər. Belə ki, matc.az saytına daxil olan məlumata görə, o, rəsmi vəzifə daşımamasına baxmayaraq, klub rəhbərliyinin qəbul etdiyi qərarlarda yaxından iştirak edir.

Mənbənin bildirdiyinə əsasən, mövsümün əvvəlində uğursuz transferlə və qeyri-qənaətbəxş fəaliyyəti ilə azarkeşlərin narazılığına səbəb olan İbrahimov sentyabrın ilk günlərində İdarə Heyətinin üzvlüyündən azad edilsə də, bu addım formal xarakter daşıyıb. İddia olunur ki, qərar ictimai qınağın qarşısını almaq məqsədilə verilib.

Bildirilir ki, İdarə Heyətinin sədri Adil Vəliyev yaxın qohumu olan İbrahimovu azarkeşlərin və medianın tənqidlərindən qorumaq üçün onun vəzifədən uzaqlaşdırıldığı barədə məlumatın rəsm saytı vasitəsilə yayılmasına göstəriş verib.

Maraqlıdı ki, həmin məlumatdan sonra İbrahimovla bağlı tənqidi yazıların sayı əhəmiyyətli dərəcədə azalıb.

Bununla belə, mənbə iddia edir ki, Erkin İbrahimov kölgəyə çəkilsə də, klubun idarəetmə prosesində təsir imkanlarını qoruyub saxlayır və qərarların qəbulunda qeyri-rəsmi şəkildə iştirak edir.

Qeyd edək ki, İdarə Heyətinin tərkibində dəyişikliklərin edilməsi yalnız rəsmi iclas vasitəsilə mümkündü. Belə iclaslardan əvvəl gündəlik məsələlər açıqlanmalı, müzakirəyə çıxarılmalı və səsvermə yolu ilə qərar qəbul edilməlidir. İclasın nəticələri protokollaşdırılaraq müvafiq sənədlərlə birlikdə Ədliyyə Nazirliyinə təqdim olunur. Nazirlik isə bu sənədlər əsasında İdarə Heyətinin tərkibi barədə növbəti il və ya illər üçün çıxarış verir.

Eyni zamanda, İdarə Heyətinin səlahiyyət müddətinin uzadılması və ya tərkibində dəyişiklik edilməsi ilə bağlı Ədliyyə Nazirliyinin Qeydiyyat, Notariat və Reyestr Baş İdarəsinə müraciət olunmalı və müvafiq prosedurlar yerinə yetirilməlidi.

Bu məqamda bir sıra suallar açıq qalır: “Kəpəz” rəhbərliyi ictimaiyyətə bu barədə ətraflı açıqlama nə vaxt verib? İddia edilən iclas nə vaxt keçirilib və orada neçə nəfər iştirak edib? Erkin İbrahimovun üzvlükdən çıxarılmasına neçə nəfər səs verib, kim narazı qalıb?

Məsələ ilə bağlı klubun rəsmi mövqeyi də öyrənilib. Gəncə təmsilçisinin mətbuat xidmətindən bildirilib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir və Erkin İbrahimov artıq klubdan ayrılıb.

SAMİR

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest