Braziliya futbolunun və Avropa klublarının tanınmış simalarından olan mərkəz müdafiəçisi Dante 42 yaşında peşəkar futbolçu karyerasını yekunlaşdırmaq qərarına gəlib.
Matc.az xəbər verir ki, bu barədə məlumatı Fransa Liqa 1-in mətbuat xidməti yayıb.
Təcrübəli müdafiəçinin son komandası 2016-cı ildən bəri şərəfini qoruduğu və kapitanı olduğu Fransa "Nitsa"sı olub.
Futbolsevərlər Danteni daha çox 2012-2015-ci illərdə Almaniya nəhəngi "Bavariya"dakı möhtəşəm çıxışları ilə tanıyırlar. O, Münhen təmsilçisi ilə Çempionlar Liqası daxil olmaqla çoxsaylı titullar qazanıb. Braziliyalı oyunçu zəngin karyerası ərzində "Juventude", "Lill", "Şarlerua", "Standard", "Borussiya" və "Volfsburq" kimi klubların da formasını geyinib.
2013-2014-cü illərdə Braziliya milli komandasına dəvət alan Dante yığmada 13 oyuna çıxıb və 2 qol vurub. O, "sambaçılar"la birlikdə 2013-cü ildə Konfederasiyalar Kubokunun qalibi olub və 2014-cü ildə ölkəsində keçirilən dünya çempionatında iştirak edib.







_1780155699.jpg)





