"Azarkeşlərə dedim ki, gedib-getməməyimə rəhbərlik qərar verir".
"Futbolçularıma təşəkkür etmək istəyirəm. Bu gün çox çalışdılar. Yaxşı oyun və uğurlu nəticə göstərdilər. İlk dəqiqələrdən görünürdü ki, futbolçularda gərginlik var. İkinci hissədə rəqibin hücum qurmaq üçün şansları olmadı. Fasilədən sonra daha yaxşı oynadılar. Onlara dedim ki, siz daha yaxşı oynaya bilərsiz, sadəcə özünüzə inanmalısız. Bizim üçün hər oyun final kimidir. Ən əsası güclü olmalıyıq. Göstəririk ki, biz futbol oynaya bilirik. Son matçlardakı uğursuzluğa baxmayaraq, azarkeşlər bizimlə birlikdəydi".
Matc.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Kaxaber Sxadadze Misli Premyer Liqasının 26-cı turunun "Kəpəz"lə görüşündən sonra keçirilmiş mətbuat konfransında deyib.
O, jurnalistlərin suallarını cavablandırıb.
- Komanda uduzanda azarkeşlər sizə istefaya səsləyirdi, mətbuatda da hətta baş məşqçi üçün yeni namizədlərin adını yazırdı. Maraqlıdır, bu periodu özünüz necə keçdiniz?
- Komanda uduzanda, hər yerdə belədir ki, məşqçi günahkar olur. Bu, bizim işimizdir. Azarkeşləri başa düşürəm. Onlar da istəyir ki, nəticə qazanaq. Azarkeşlərlə görüşümüz oldu. Onlardan xahiş etdim ki, bunu etməsinlər. Sırf bu baxımdan ki, komanda daxilində atmosfer istər-istəməz korlanır. Futbolçular oxuyur ki, məşqçi gedir, ya qalır...Bu da komandaya təsir göstərir. Azarkeşlərə dedim ki, gedib-getməməyimə rəhbərlik qərar verir. Rəhbərliyimizdə də futbolda təcrübəli insanlar yer alıb. Fanatlara təşəkkür edirəm. Biz Premyer Liqaya geri qayıtmaq üçün çox çalışdıq. Çox iş görürük. Rəhbərlik də bunu görür. Dünən vacib epizod oldu. Klubun direktoru Səbuhi Səfiyarlı mənimlə, futbolçularla görüşdü. Bu da komandaya çox təsir göstərdi. Vacib məqam idi. Futbolçular da gördü ki, biz komandayıq. O görüşün kifayət qədər təsiri oldu.
- Azərbaycan milli komandası "FİFA seriyası 2026" beynəlxalq turnirində qalib oldu. Bəziləri bu qələbələri şişirtməməyə səslədi, bəziləri əksinə. Siz bu haqda nə düşünürsüz?
- Çox yaxşı oyunlar oldu. Ayxan Abbasov həqiqətən komandanı toparlaya bilib. Psixoloji baxımdan bu qələbə çox vacibdir. Tam səmimi qəlbdən komandanı təbrik edirəm. Uşaqlar çox çalışdılar. Komandanı tənqid etmək, rəqibləri iki hissəyə də bölmək olmaz. Bu, Azərbaycanın milli komandasıdır. Hamı bu komandaya azarkeşlik etməlidir.












