VAR ola-ola bu qədər açıq-aşkar haqsızlıq edilirsə, bir anlıq təsəvvür edin - canlı yayım, VAR olmayan dövrlərdə nələr baş verib. Hamının gözü qarşısında bir komandanın qızıldan dəyərli xallarını əlindən alırlar...
"Neftçi" kimi klubun haqqını belə rahatlıqla yeyirlərsə, bir anlıq zəiflərin, dili-ağzı olmayan komandaların başına gətirilənləri düşünün...
Reallıq ortadadı, özü də daha çılpaq şəkildə. Zirədə qalmaqala səbəb olan epizod haqda hakimlərin qərarı tərtəmiz rüsvayçılıqdı. Müxtəlif rakurslardan görüntülər var və hər şey aydın görünür.
İndi söz Hakimlər Komitəsinin sədri Rəhim Həsənovundu. Əgər bu qədər açıq səhvə görə ciddi addım atılmasa, deməli problem tək İnqilabın yox, elə Komitənindi.
Fikrimcə, İnqilab Məmmədov cəzalandırılmalıdı. Əks halda açıq mesaj olacaq ki, belə "səhvlər" sifarişlə edilir və cəzasız qalır. Əgər hər şey ört-basdır edilərsə, artıq heç kimə nağıl danışmağa ehtiyac yoxdu, Rəhim bəy!












