Almaniya Bundesliqa təmsilçisi "Ayntraxt" baş məşqçi postundakı boşluğu keçmiş məşqçisi ilə doldurub.
Matc.az xəbər verir ki, "qartallar" bir müddət əvvəl yolları ayırdığı Albert Rieranın yerinə Adi Hütteri gətirib.
Avstriyalı mütəxəssislə 3 illik rəsmi müqavilə imzalanıb. Hütter mövsümün uğursuz yekunundan sonra istefaya göndərilən ispaniyalı Albert Rieranı əvəz edəcək.
Rieranın rəhbərliyi altında Frankfurt klubu Bundesliqanı 8-ci sırada tamamlayaraq növbəti mövsüm üçün avrokuboklardan kənarda qalıb.
Qeyd edək ki, bu, 56 yaşlı məşqçinin "Ayntraxt"dakı ikinci dövrü olacaq. Hütter 2018-2021-ci illər arasında Frankfurt klubunu uğurla idarə edərək komandanı Avropa Liqasının yarımfinalına qədər yüksəltmişdi. Onun son iş yeri isə 2025-ci ildə rəhbərlik etdiyi Fransa "Monako"su olub.












