"Milan"ın portuqaliyalı ulduzu Rafael Leao bu yay klubdan ayrılmaq və karyerasını başqa çempionatda davam etdirmək niyyətində olduğunu açıqlayıb.
Matc.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi bu barədə "Sport TV"yə verdiyi müsahibədə məlumat verib.
Təcrübəli vinger yeni bir çağırışa hazır olduğunu bildirib: "Milan"ın tarixinə düşdüyüm üçün qürur duyuram, amma yeni bir başlanğıc istəyirəm. Özümü fərqli bir liqada sınamağa hazır hiss edirəm. Bu klub üçün əlimdən gələni etdim, lakin artıq yeni bir səhifə açmağın vaxtıdır".
Qeyd edək ki, başa çatan İtaliya A Seriyası mövsümündə Leao meydana çıxdığı 29 matçda 9 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Onun çıxış etdiyi "Milan" mövsümü 5-ci pillədə başa vuraraq Çempionlar Liqasından kənarda qalıb. Portuqaliyalı futbolçu ölkə kubokunda isə 2 oyunda 1 qolla fərqlənib.
2019/20 mövsümündən bəri "rossoneri"nin şərəfini qoruyan Leaonun xidmətində "Real", "Mançester Siti" və "Mançester Yunayted" kimi klublar maraqlıdır. Oyunçu ilə həmçinin Türkiyə nəhəngləri - "Qalatasaray" və "Fənərbaxça" da yaxından maraqlanır.












