"Mançester Siti" klubu baş məşqçi postuna gətirməyi planlaşdırdığı Enzo Mareska üçün Londonun "Çelsi" klubu ilə təzminat məsələsini müzakirə edir və keçidin son detallarını dəqiqləşdirir.

Matc.az xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb.

Hazırda kompensasiya məsələsi hər iki İngiltərə nəhənginin hüquqşünasları tərəfindən hüquqi müstəvidə həll olunur. Mançester təmsilçisinin rəhbərliyi bu həftənin sonuna qədər rəsmi müqavilə imzalamağa ümid edir.

İtaliyalı mütəxəssis cari ilin yanvarın 1-də "Çelsi" ilə yollarını ayırsa da, onun londonlularla 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədə olan müqaviləsi var idi.

Xatırladaq ki, komandanı uğurlardan uğurlara daşıyan Xosep Qvardiola 2025/2026-cı illər mövsümü başa çatdıqdan sonra "Mançester Siti"nin baş məşqçisi vəzifəsindən ayrılıb. Rəhbərlik dərhal onun xələfi olaraq Enzo Mareskanı müəyyənləşdirib.

İtalyan məşqçi Mançester klubuna yad sima deyil. O, 2020-2021-ci illərdə "Siti"nin 23 yaşadək komandasına rəhbərlik edib, 2022-2023-cü illər mövsümündə isə əsas komandada məhz Qvardiolanın köməkçisi kimi fəaliyyət göstərib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest