Dünya çempionatında artıq 12 avtoqol qeydə alınıb. Bu, 2018-ci ildə təşkil olunan turnirdə qeydə alınan dünya çempionatları rekordunun təkrarlanmasıdır.
Matc.az xəbər verir ki, bu barədə məlumatı "Squawka" "X" sosial şəbəkəsindəki rəsmi hesabı vasitəsilə yayıb.
Müqayisə üçün qeyd edək ki, 2022-ci ildə Qətərdə keçirilən sonuncu dünya çempionatında qapılara cəmi iki avtoqol vurulmuşdu. Hazırda dünya çempionatının bombardirlər yarışına isə Argentina millisinin hücumçusu Lionel Messi başçılıq edir. O, meydana çıxdığı iki matçda 5 qol vurmağı bacarıb.
Qeyd edək ki, dünya çempionatı ABŞ, Kanada və Meksikada iyunun 11-dən iyulun 19-dək keçirilir. Sonuncu dünya çempionu 2022-ci ildə Qatarda təşkil olunan turnirin finalında Fransanı penaltilər seriyasında məğlub edən Argentina millisidir.












