"Barselona" klubu 2027/2028-ci illər mövsümündə öz doğma arenası olan "Kamp Nou" stadionunu müvəqqəti olaraq yenidən tərk edə bilər. Kataloniya təmsilçisi ev oyunlarını fərqli məkanda keçirmək məqsədilə rəsmi addım atıb.
Matc.az xəbər verir ki, bu barədə "Sport.es" nəşri məlumat yayıb.
Bildirilir ki, kataloniyalılar 2027/2028-ci illər mövsümünün ilk yarısındakı ev oyunlarını başqa stadionda keçirmək üçün La Liqaya rəsmi müraciət ünvanlayıblar.
Bu müraciət "Barselona"nın "Kamp Nou" stadionunda yeni dam örtüyü quraşdırmağı planlaşdırması ilə bağlıdır. Təmir işlərinin 2027-ci ilin iyununda başlanması və təxminən 4,5 ay davam etməsi gözlənilir.
Qeyd edək ki, "Barselona" sözügedən mövsümün ilk yarısındakı ev qarşılaşmalarını "Monjuik" Olimpiya stadionunda keçirməyi planlaşdırır. Klub "Kamp Nou" arenasında yenidənqurma işlərinin əsas mərhələsi aparıldığı 2023–2025-ci illərdə də oyunlarını məhz bu stadionda keçirib.
Ötən mövsüm komanda öz doğma meydanına qayıtsa da, stadionda təmir işləri hələ də davam edir.












