UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyununda İslandiyada "Vestri"nin qonağı olan təmsilçimiz "Qarabağ" rəqibini 3 cavabsız qolla (3:0) məğlub edərək növbəti mərhələyə vəsiqəni rəsmiləşdirib.
Matc.az xəbər verir ki, qarşılaşmanın ardından təşkil edilən mətbuat konfransında Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov komandasının qələbəsini və mərhələ adlamasını şərh edib.
Təcrübəli mütəxəssis iki oyunun ümumi nəticəsindən razı qaldığını və futbolçularını təbrik etdiyini vurğulayıb: "Yaxşı oyun alındı. Baxmayaraq ki, uzun yol gəlmişdik. Qalibiyyət çox vacib idi. İki oyunun nəticəsinə görə 6 qol vurmaq və qol buraxmamaq, bu, yaxşı nəticədir. Təbrik edirəm futbolçularımı.
Qarşıda bizi ÇSKA ilə oyunlar gözləyir. Sabahdan rəqiblə yaxından maraqlanacağıq. Çalışıb qarşıdakı oyuna daha yaxşı hazırlaşmalıyıq, çünki çatışmazlıqlarımız var. Amma əvvəlki oyunlara nisbətən bu oyunu daha səliqəli oynamağı bacardıq. Vaxtımız olacaq və inanıram ki, qarşıdakı oyuna daha yaxşı idman formasında olacağıq.
Avrokuboklarda iştirak edən bütün komandalarımızı – "Zirə"ni, "Sabah"ı təbrik edirəm. 6 oyuna 6 qələbə oldu. Ölkə əmsalımız çoxalır, çox sevinirəm. Hər bir komandaya uğurlar arzu edirəm".













