"Meydana çıxacağıq və qalib gəlmək üçün əlimizdən gələni edəcəyik".

"Qalatasaray" klubunun baş məşqçisi Okan Buruk Çempionlar Liqasının Liqa mərhələsinin I turunun Lissabon "Sportinq"i ilə keçiriləcək qarşıdakı oyunla bağlı mətbuat konfransında iştirak edib.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Çempionlar Liqası start götürür. Sözsüz ki, bu, həm məşqçilərin, həm də futbolçuların xəyal etdiyi bir turnirdir, yəqin ki, bütün dünyada bir çox oyunçu və mütəxəssis belə bir səviyyədə olmaq istəyir.

Birincisi, biz çox güclü bir komandaya qarşı oynayacağıq. Keçən mövsüm onlar 1/4 finala qədər irəliləmişdilər. Öz meydanlarında dörd oyun qazanmışdılar. "Arsenal"ı nəzərə almasaq, evdə heç kimə uduzmayıblar.

Əlbəttə ki, heyətdə dəyişikliklər olub, komanda bir neçə vacib futbolçusunu itirib, lakin mənim fikrimcə, onları əvəzləyən və bu mövsüm artıq oynayanlar da çox yaxşı oyunçulardır. Onların çox güclü heyəti və yaxşı qurulmuş oyunu var.

Onlar beş oyun keçiriblər. Təbii ki, bu qarşılaşmalar əsasında təhlillər apardıq. "Sportinq"in nə qədər yaxşı, nə qədər mobil komanda olduğunu, meydanda nə qədər keyfiyyətli hərəkət etdiyini və rəqib qapısına necə tez çatdığını görürük. Buna görə də asan oyun olmayacaq.

Biz də yaxşı komandayıq və güclü futbolçularımız var. İtkilərimiz var və onlardan bəziləri həqiqətən vacibdir, lakin mən həmişə bir şeyi deyirəm: meydanda 11 oyunçu olacaq, həmçinin ehtiyat skamyadan komandanı gücləndirə biləcək futbolçularımız var. Ona görə də, hər zaman olduğu kimi, oyunçularıma tam güvənirəm. Meydana çıxacağıq və qalib gəlmək üçün əlimizdən gələni edəcəyik", - deyə Buruk oyun barədə fikirlərini bildirib.

Qeyd edək ki, "Sportinq" və "Qalatasaray" arasındakı görüş bu gün Lissabondakı (Portuqaliya) "Joze Alvalade" stadionunda Bakı vaxtı ilə saat 23:00-da baş tutacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest