"Real"ın və Fransa millisinin hücumçusu Kilian Mbappe dünyada az tanınan İsveçrənin "On Holding AG" brendi ilə müqavilə imzalayaraq "Nike" ilə 20 illik əməkdaşlığına son qoyub.

Matc.az xəbər verir ki, bu barədə futbolçu "Instagram" hesabında məlumat yayıb.

Bildirilir ki, İsveçrə şirkəti ayaqqabı istehsalı texnologiyasının tətbiq dairəsini genişləndirərək 27 yaşlı hücumçunu yeni dizaynlı butsularla təmin edəcək. Tərəfdaşlıq müqaviləsi 10 illik müddətə nəzərdə tutulub.

Bu xəbərdən sonra şirkətin səhmləri 3,8 faiz bahalaşıb, lakin sonradan qazandığı mövqeləri qismən itirib. "Nike" və "Adidas"ın kotirovkaları isə bir qədər enib.

Bundan əlavə, şirkət Fransa millisinin və "Arsenal"ın sabiq ulduz oyunçusu Terri Anrini futbol direktoru vəzifəsinə təyin edib.

Qeyd edək ki, Rocer Federer tərəfindən dəstəklənən İsveçrə idman brendi 2010-cu ildə təsis edilib. "BMO Capital Markets" analitiklərinin proqnozlarına əsasən, şirkətin futbol bazarına daxil olması 2031-ci ilə qədər illik 400 milyon dollar gəlir gətirə bilər.

Mbappe 2006-cı ildə "Nike" ilə əməkdaşlığa başlamışdı. Bu müddət ərzində o, brendin əsas simalarından birinə çevrilmişdi.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest