"Fənərbaxça"nın qapıçısı Mert Günok A milli komanda karyerasını başa vurduğunu elan edib.

Matc.az xəbər verir ki, təcrübəli qolkiper bu qərarını sosial şəbəkə hesabı vasitəsilə ictimaiyyətə çatdırıb.

37 yaşlı qapıçı vida məktubunda milli formanı geyindiyi müddətdə böyük qürur hissi keçirdiyini vurğulayıb:

"24 may 2012-ci il… Milli formanı ilk dəfə əynimə keçirib meydana çıxdığım gün… Hər bir türk futbolçusunun xəyalını qurduğu milli formanı o gün geyinəndə, bu günlərin gələcəyini o qədər də düşünmürsünüz. Həyat uğurlarla, məyusluqlarla, bəzən xoşbəxt, bəzən də kədərli anlarla, lakin hər şeyin keçici olduğunu bilərək çalışmaq və çabalamaqla keçir. Çalışmaq və təslim olmamaq mənim üçün hər zaman əsas açar sözlər olub.

Milli komanda ilə saysız-hesabsız düşərgələrdə iştirak etmişəm, lakin qatıldığım toplanış sayına nisbətən mənə verilən şans bəlkə də az oldu. Qapıçı olmağın çətinliklərindən biri də elə budur. Meydanda olduğum müddətdə sinəmdəki türk bayrağını daşımağın verdiyi qürurla əlimdən gələnin ən yaxşısını etməyə çalışdım. Oynamadığım vaxtlarda isə meydandakı dostlarıma dəstək verdim. Çünki müqəddəs olan yalnız sahədə olmaq deyil, türk bayrağı altında mübarizə aparmaq şərəfinə nail olmaqdır".

Təcrübəli qolkiper karyerasının unudulmaz anlarına da toxunub:

"2020-ci il Avropa çempionatının qrup mərhələsində çox yaxşı performans nümayiş etdirməyimə baxmayaraq, pandemiya səbəbindən finallar 2021-ci ilə təxirə salındı. Həmin finallarda oynaya bilmədiyim üçün çox üzülmüşdüm. Üstəlik, bir futbolçunun yaşaya biləcəyi ən ağır zədələrdən birini aldım, amma nə xəyallarımdan, nə də özümdən imtina etdim.

Və Allah mənə 2024-cü ildə bütün ölkənin qürurla izlədiyi və milli komanda ruhunun yenidən canlandığı uğurlu bir turnirdə çıxış etməyi nəsib etdi. Karyeramın ən xüsusi seyvlərindən biri olan və əziz Özkan Öztürkün şərhində bəlkə də bir çox uşağı qapıçı olmağa həvəsləndirən həmin an… Futbol həyatım boyu çoxlu matçlara çıxdım, bir çox uğurlar qazandım. Lakin öz ölkəmin insanlarını bu qədər xoşbəxt edən bir anın parçası olmaq mənim üçün hər şeydən daha dəyərli idi".

Mert Günok qərarının qəti olduğunu bildirərək təşəkkürünü bildirib:

"Bu gün isə dilə gətirilməsi asan olmayan bir qərarın zamanının gəldiyini düşünürəm və milli komanda karyerama veda edirəm. Birlikdə oynadığım komanda yoldaşlarıma, üzərimdə əməyi olan məşqçilərimə və illərlə bizim üçün tər tökən bütün işçilərə təşəkkür edirəm. Və təbii ki, gözəl ölkəmin gözəl insanlarına… Dünyanın harasında oynayırıqsa oynayaq, dəstəyinizi hər zaman hiss etdik. Birlikdə kədərləndik, birlikdə sevindik. Bu formanı geyinərkən ölkəmi və milyonlarla insanımızı təmsil etmək mənim üçün hər zaman çox xüsusi bir duyğu olub. Hər şey üçün təşəkkürlər".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest